“Bu gün Bakıdakı otellərdə xarici turist olmadığına görə doluluq səviyyəsi aşağıdır. Bu səbəbdən hətta bir sıra otellər fəaliyyət göstərmir”.
Gezmeli.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Facebook” səhifəsindəki “Təhlükəsiz Qida” adlı onlayn verilişində AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib. Onun sözlərinə görə, ölkədaxili turizm hesabına vətəndaşlar əsasən həftə sonları Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən turizm obyektlərinə gedir. Nəticədə daha çox insanın olduğu, daha aktiv işləyən turizm obyektlərində də uyğunsuzluqlar daha çox olur:
“Demək olmaz ki, bu, regionlarda daha çoxdur, ancaq əsasən vətəndaşların maskalardan istifadə etməməsi, ictimai iaşə sahəsində qoyulan tələblərin gözlənilməməsinin şahidi oluruq. Vətəndaş sıxlığı yarandığı halda sosial məsafənin gözlənilməməsi kimi hallar regionlar üçün daha xarakterikdir. Amma ümumilikdə təkrar keçirilən monitorinqlər hesabına turizm obyektlərinin böyük hissəsi vacib, prinsipial tələbləri yerinə yetirirlər”.