Möhtəşəm məkanlar
Avropa qitəsi təbii gözəllikləri və zəngin tarixi ilə səyahətsevərlərin həmişə diqqətində olub. Səyahətinin yönü üzü Avropayadırsa, yolunu xatirələrində gözəl iz buraxacaq, bu möhtəşəm 10 şəhər və qəsəbədən sal.
İnterlaken, İsveçrə
Mavinin ən gözəl tonlarına sahib Thun və Brienz göllərinin ağuşuna aldığı İnterlaken qəsəbəsi Avropanın ən sevilən məkanlarındandır. Alp dağlarının ətəklərində yerləşən, təbii gözəlliyini itirməyən İnterlaken İsveçrənin cənnət güşələrindən biri hesab edilir.
Qrindelvald, İsveçrə
İsveçrənin məşhur xizək məkanıdır. Adına “Buz Qəsəbəsi” də deyirlər. Qrindelvald qış turizmində əvəzolunmaz ünvanlardandır. Qış festivalından sonra dünyanın məşhur sənətçilərinin qardan düzəltdiyi heykəllər sayəsində bura açıq hava muzeyinə çevrilir. Sən də qışı sevirsənsə, mütləq baş çək.
Avignon, Fransa
UNESCO-nun Dünya Mirasları sırasında yer alan Sen –Beneze körpüsü və Notr-Dam kilsəsi kimi görkəmli tikililəri görmək üçün hər il Avignona on minlərlə turist axın edir. 1947-ci ildən bu yana hər il iyulda keçirilən Avignon Festivalı da şəhərə ayrıca rəng qatır.
Salzburq, Avstriya
Alp dağlarının ətəklərində yerləşən Salzburq Avstriyanın dördüncü böyük şəhəridir. Möhtəşəm Salzburq Festivalı hər il minlərcə klasik musiqi sevənləri bu şəhərdə bir araya toplayır. Dünyaca məşhur bəstəkar Motsart da Salzburqda dünyaya göz açıb.
Heidelberq, Almaniya
Nekar çayı və Heidelberq Sarayının iki hissəyə ayırdığı bu Heidelberq Almaniyanın ən romantik şəhəri kimi tanınır. Almaniyanın Cənub-Qərbində yerləşən şəhər əhalisinin çoxu tələbələrdir. Bura füsunkar təbiəti və tarixi görünüşü ilə turistləri özünə heyran edir.
Cesky Krumlov, Çex Cümhuriyyəti
Paytaxt Praqadan təqribən 175 kilometr Cənubda yerləşən bu nağılabənzər şəhər UNESCO-nun Dünya Mirası siyahısında yer alır. Cesky Krumlov orta əsr qəsəbələrini anımsadan görünüşü, şirin evləri və küçələri ilə “gəl, gör məni”, – deyən bir məkandır.
Oxford, Birləşmiş Krallıq
Dünyanın ən nüfuzlu universitetlərindən olan Oxfordun yerləşdiyi şəhər “tələbə şəhəri” adı ilə də anılır. Oxford mərkəzində yerləşən alış-veriş mağazaları, füsunkar mənzərəsi və məşhur “Blackwells” kitab evi ilə turistlərin sıx-sıx ziyarət etdiyi şəhərlərdəndir.
Qlasqov, Birləşmiş Krallıq
Klyde çayı üzərində yerləşən Qlasqov Birləşmiş Krallığın Lonon və Birminqhamdan sonra üçüncü sıx şəhəridir. İlboyu yağmurlu havanın çoxluq təşkil etdiyi şəhəri iyul və avqust aylarında ziyarət etmək daha uyğundur.
Füssen, Almaniya
Lech çayı sahilində yerləşən Füssen Almaniyanın məşhur “Romantik Yol”unun son dayanacağı hesab edildiyi üçün turistlərin mütləq baş çəkdiyi yerlərdəndir. Şəhərdəki tikililəri, malikanələri və evləri görüncə özünü tam da nağıllar aləminə düşmüş kimi hiss edəcəksən.