Bakıda keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMTÜTT) İcraiyyə Şurasının 110-cu sessiyasında Amerika Birləşmiş Ştatları yenidən təşkilata üzv qəbul olunub.
37 ölkədən və 5 beynəlxalq təşkilatdan rəsmi dövlət nümayəndələrinin iştirak etdiyi Bakı sessiyasında 23 illik fasilədən sonra ABŞ BMTÜTT-də yenidən təmsil olunmaq hüququ əldə edib.
ABŞ-ın təşkilata üzv olması məsələsinin müzakirəsi üçün görüş keçirilib. ABŞ Dövlət Departamentinin Beynəlxalq Təşkilatlar üzrə dövlət katibinin müavini Kevin Moley, Ağ Evin Aparat rəhbərinin baş müavini Emma Katerine Doylin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti Bakıya gəlib.
Kommersiya Departamentinin səyahət və turizm üzrə katibinin müavini, Beynəlxalq Təşkilatlarla iş üzrə Büronun sədr müavini kimi dövlət müşavirləri təmsil olunurlar.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tədbirdə açılış nitqi ilə çıxış edib. Azərbaycanda turizmin dayanıqlı inkişafı və Azərbaycanın milli-mədəni irsinin qorunması üçün son illərdə görülən tədbirlər haqqında iştirakçıları məlumatlandırıb.
“İrsimizi qoruyaq: sosial, mədəni və ekoloji davamlılıq” devizi atlında sessiya keçirilib. Azərbaycanın işğal olunmuş torpaqlarında mövcud olan mədəni irs nümunələrinin işğalçı Ermənistan tərəfindən məhv edilməsi faktı agentlik sədri tərəfindən sessiya iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd edək ki, Azərbaycan BMTÜTT-ə 2001-ci ildə üzv qəbul edilib. 2013-cü ildən isə təşkilatın İcraiyyə Şurasında təmsil olunur.