Biz düşünürük ki, koronavirusun Azərbaycan turizminə mənfi təsiri olacaq.
Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib. Onun sözlərinə görə, dünya üzrə səyahətlərin azalması prosesi gedir. İnsanlar artıq hər hansı ölkədə deyil, regionda koronavirus olduqda həmin bölgəyə getməkdən çəkinirlər: “Bu vəziyyət Azərbaycana da təsir edəcək. Durum gündən-günə dəyişir. Artıq Gürcüstanda koronavirus aşkarlanıb. Bundan əvvəl isə İran, Italiya və digər ölkələrdə də aşkar edilib”.
K.Quluzadə qeyd edib ki, ölkələr artıq sərhədlərini bağlayırlar. Buna görə də virusun turizmə təsirini rəqəmlərlə demək tezdir: “Lakin bizim krizislə bağlı ssenarilərimiz var. Biz əsasən marketinq siyasətimizdə korreksiyalar edirik. Bu ilin birinci yarısı üçün Çinlə ciddi layihələrimiz vardı. Onlar indi həyata keçirilmədiyi üçün səylərimizi digər bazarlara yönəldəcəyik. Bizim 2018-2023-cü illər üzrə konsepsiyamız ondan ibarət idi ki, bazarların coğrafiyasını genişləndirək, hər hansı bazarda problem yarandıqda digərləri ilə işləyək. Düşünürük ki, koronavirusun turizmə mənfi təsiri olacaq. Amma necə olacağını hadisələrin gedişatından və verilən qərarlardan görəcəyik”.
Agentlik rəsmisinin sözlərinə görə, turizm şirkətlərinə koronavirus yayılan ölkələrə gedənləri, həm də ordan gələnləri təlimatlandırmaq tapşırılıb.