Almaniya hökuməti ölkə vətəndaşlarının Cənubi Sinaya səfərləri ilə bağlı ən köhnə qadağalardan birini ləğv edib.
AZƏRTAC “atorus.ru” saytında dərc edilmiş məlumata istinadla xəbər verir ki, indi bəzi qeyd-şərtlər nəzərə alınmaqla alman turistlərinin Misirdə, Qırmızı dəniz sahillərində yerləşən bütün kurortlarda istirahət etmələrinə icazə verilir.
2019-cu il iyunun 28-dən etibarən alman turistlərin Taba kurort şəhərinə getmələrinə rəsmən icazə verilib. Xatırladaq ki, Misir-İsrail sərhədində, İsrailin Eylat kurortundan cəmi 13 kilometr aralıda yerləşən Taba şəhərinə səyahət terror hücumları ilə əlaqədar qadağan edilmişdi.
Bununla bərabər, Almaniyanın hakimiyyət orqanları Cənubi Sinayın Şarm-əl Şeyx, Dahab, Nuveyba və Taba kurortlarına səfərlərlə bağlı bəzi tövsiyələrini qüvvədə saxlayıb. Məsələn, turistlərin səyahətə və ya istirahətə tək getmələri məsləhət görülmür. Yalnız lisenziyalı yerli bələdçinin müşayiəti ilə dayvinq və su idmanının digər növləri ilə məşğul olmaq, dağlara dırmaşmaq və ya ekskursiyaları qabaqcadan sifariş etmək tövsiyə olunur.
Almaniya tərəfindən bu qadağanın ləğv edilməsi Misirdə “Cənubi Sinayda turizmin dirçəldilməsinə kömək edən addım” kimi qiymətləndirilib. Misir Turizm Nazirliyinin fikrincə, bu qərar, əvvələn Almaniyanın turoperatorlarına Şarm-əl Şeyxə çarter reyslərinin sayını artırmaq imkanı verəcək. Ikincisi, başqa ölkələri də Cənubi Sinaya reyslər açmağa sövq edəcək.
Misir Turizm Nazirliyinin məlumatına görə, hazırda Almaniya Misir üçün “bir nömrəli” gəlmə turizmi bazarıdır. 2018-ci ildə Misir Ərəb Respublikasında 1,5 milyondan çox alman turisti olub. Bu, 2010-cu ildə qeydə alınmış rekord göstəricidən (1,4 milyon) yüksəkdir.