Ev Gəzməli yerlər Gəzəyənlər Almaniya Şərab Yolu boyunca səyahət

Almaniya Şərab Yolu boyunca səyahət

Almaniya Şərab Yolu boyunca səyahət

Bu gün öz oxucularına Almaniya Şərab Yolu və ya Alman Şərab Yolu adlanan 85 kilometrlik turist marşrutu boyunca virtual səyahət təklif edəcək. Fransanın Elzas əyaləti ilə Almaniyanın sərhədindən başlanan marşrut Reynhessendən sonra Almaniyanın ərazicə ikinci ən böyük şərabçılıq regionu olan Pfaltsdan keçir.

Qədim romalılar hələ iki min il bundan əvvəl bu yerlərin günəşli və mülayim iqlimini nəzərə alaraq burada üzüm yetişdirməyə başlayıblar. Bu populyar turist marşrutu boyunca 40-dan çox kiçik şəhər150-yə yaxın mənzərəli kənd yerləşir. Marşrut boyunca yetişdirilən üzüm növlərindən hazırlanan Rislinq, Müller-Turqau, Kerner, Silvaner və Qrauburqunder kimi ağ şərab və Portugizer, Şpetburgenburqer və Dornfelder kimi qırmızı şərab növləri xüsusilə məşhurdur. Təqdim etdiyimiz bu fotoşəkil regionu məşhurlaşdıran şərab bayramlarından birində çəkilib.

Şvayqen-Rextenbax

Almaniya Şərab Yolunun Şvayqen-Rextenbaxdan başlanması 1936-cı ildə ucaldılmış daş darvazaların rəmzidir. Pfaltsın ən maraqlı vaxtı payızda məhsul yığımı dövrüdür. Lakin bu yerlərin landşaftı ilin istənilən vaxtında gəzinti üçün cəlbedicidir. Ağzının dadını bilən adamlar burada xüsusilə populyar olan Rislinq və ya Silvaner şərabları ilə regionunun gözəl mətbəx nümunələrini dadıb qiymətləndirə bilər.

Şərabçıların Dörrenbax kəndi “Pfaltsın yatmış gözəli” adlandırılır. Renessans dövründə tikilmiş Faxverk ratuşası kəndin əsas memarlıq nümunəsidir.

Birkvayler kəndi 1985-ci ildə Almaniya Şərab Yolu boyunca yerləşən ən gözəl kənd adı qazanmaq uğrunda müsabiqənin qalibi olub. Pfalts şərabçılarının 7 əsr bundan əvvəl məskəni saldığı bu yerlər üzüm bağları arasında gəzintilər üçün çox münasibdir. İyunun sonlarında burada regionun ən qədim ənənəvi şərab bayramlarından biri keçirilir.

1931-ci ildə yaranmış ənənəyə görə, Pfaltsda hər il Şərab Kraliçası və üç Şərab Şahzadəsi seçilir. İlk vaxtlar həmin kraliçaların səlahiyyətləri bütün Almaniyanı əhatə edirdi, lakin tədricən başqa regionlar da özlərinin şərab şahzadələrini seçməyə və onların başına tac qoymağa başlayıblar.

Pfaltsı çox vaxt “Alman Toskanası” adlandırırlar. Hər halda il ərzində günəşli saatların sayı 1800 olduğu üçün Pfalts Toskana ilə rəqabət apara bilər. Pfaltsda hava hələ mart ayında badamın çiçəklənməsi üçün zəruri temperatura qədər qızır. Payızda üzüm yığımı dövründə burada şabalıd da yetişir. Təzə çəkilmiş şərabla məşhur soğan piroqunun və şabalıdın dadına baxmağa dəyər.

Bad-Dürkhaym

Dünyada ən böyük şərab bayramı Bad-Dürkhaymda keçirilir. Bu bayramda 600 minə qədər adam iştirak edir. Almaniyanın ən böyük şərab çəlləyi də burada yerləşir. Amma həmin çəlləyə heç vaxt şərab tökülməyib. Çəlləyin içində bütöv bir restoran yerləşir. Şəhərin yuxarı hissəsində isə orta əsrlərdə tikilmiş Hardenburq qəsri diqqəti cəlb edir.

Almaniya Şərab Yolu boyunca səyahət edən turistlər şərab istehsalı prosesini, yəni üzümün bağlardan yığılması, onun şirəsinin çəkilməsi, şirənin şüşə qablara doldurulması mərhələlərini əvvəldən axıra qədər izləyə bilərlər. Bundan əlavə, çəllək hazırlanan emalatxanalara da baş çəkməyə dəyər.

Almaniya Şərab Yolu boyunca virtual səyahətimizi 1910-cu ildə buraxılmış bir açıqca ilə tamamlayacağıq. Noyştadt şəhəri Almaniyanın əsas şərabçılıq mərkəzlərindən biridir. Şəhərin mərkəzində barokko üslubunda tikilmiş ratuşa və qotik üslubda inşa edilmiş kilsə yerləşən bazar meydanı həmişə izdihamlı olur.

Bu şəhərə gələnlərə bir məsləhətimiz də var: 13 kilometr uzunluğunda dar dəmir yolu ilə hərəkət edən, el arasında “Kukuşka” deyilən elektrik qatarına minməyi və Xambax qəsri ilə tanış olmağı da unutmasınlar.