Almaniya ilə Azərbaycan turizm sahəsində əməkdaşlıq edəcək

Almaniyada turizm sahəsində əməkdaşlıq müzakirə edilmişdir

2017-ci ilin 21-22 noyabr tarixində Almaniyanın Berlin şəhərində Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupun 7-ci iclası keçirilmişdir. Tədbir çərçivəsində Azərbaycan və Almaniya arasında müxtəlif sahələr, o cümlədən turizm sahəsi üzrə əməkdaşlığa dair müzakirələr aparılmışdır.

İşçi qrupun 7-ci iclasında Azərbaycanı Mədəniyyət və Turizm, İqtisadiyyat, Kənd Təsərrüfatı Nazirlikləri, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycanın Almaniyadakı Səfirliyi, Azərbaycanın Polşa üzrə Ticarət nümayəndəliyi, “Socar” və Azərbaycan İnvestisiya Şirkətinin nümayəndələri təmsil olunmuşlar.  Qeyd olunan tədbirdə Mədəniyyət və Turizm Nazirliyini Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov təmsil etmişdir.

İclasda iki ölkə arasında iqtisadi sahələrin inkişafı çərçivəsində enerji və enerjiyə qənaət, təhsil, menecer, əczaçılıq, kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılmışdır.

Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mahir Qəhrəmanov Azərbaycan və Almaniya arasında turizm əməkdaşlığı sahəsində məlumat vermişdir.

Almaniya Əməkdaşlıq Təşkilatı (GİZ) tərəfindən  Azərbaycanın qərb bölgəsində həyata keçirilən “Özəl Sektorun İnkişafı və Peşə Təhsili və Təlimi” və “Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək” layihələrində turizmin inkişafı məsələlərin yeni olmasını xüsusi vurğulamış və 2018-ci ildə turizm sahəsində birgə əməkdaşlığa dair təklifləri təqdim etmişdir.

Turizm sahəsində əməkdaşlıqla bağlı müzakirə

Almaniya tərəfi turizm sahəsində Azərbaycanla əməkdaşlığa böyük maraq göstərmişdir.