Ev Turizm Xəbərləri Almaniyanın turizm şirkəti almanların Azərbaycana səfəri barədə məlumat yayıb

Almaniyanın turizm şirkəti almanların Azərbaycana səfəri barədə məlumat yayıb

turizm

Almaniyanın “Eberhardt” turizm şirkətinin internet səhifəsində Almaniyanın Drezden, Leypsiq və Berlin şəhərlərində yaşayan almanlardan ibarət on doqquz nəfərlik turist qrupunun bu yaxınlarda baş tutmuş Azərbaycana səfərinə dair məlumat yerləşdirilib.

Məlumatda Almaniyanın Frankfurt şəhərindən Bakıya gələn turistlərin ilk növbədə Heydər Əliyev Beynəlxalq Hava Limanının müasirliyinə, arxitekturasına heyran olduqları bildirilir.

Səfərin ölkənin paytaxtı Bakı şəhəri ilə tanışlıqla başladığı, şəhərin son illərdə sürətlə inkişaf edir. Bu inkişafda neftin böyük rolunun olduğu vurğulanır. 1870-1914-cü illərdə Bakı şəhərindəki neft bumu zamanı varlanan dövrün neft milyarderlərinin villaları təsvir olunur, Bakı şəhərindəki Filarmoniya, Opera və Kukla teatrlarından, Xalça Muzeyindən söz açılır. 2000-ci ildən UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilən İçərişəhər haqqında məlumat verilir. İçərişəhəri ziyarət edən qrupun Şirvanşahlar sarayı, Karvansaray, Qız Qalasında olduğu diqqətə çatdırılır. Qız Qalasının üzərindən şəhəri seyr etdiyi, şəhərdəki müasir tikililərlə şəhərin qədim hissəsi arasındakı kontrastın turistləri heyran etdiyi vurğulanır.

Şəhəri gəzdikdən sonra qrupun 2007-ci ildə UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilən Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu ziyarət etməsi, buradakı qayaüstü rəsmlərin qədim dövrlərdə regionda yaşayan insanların həyatını təsvir etməsi barədə məlumat verilir. Qobustan qoruğundan ayrılan turistlərin palçıq vulkanlarını görmək üçün yola düşdükləri bildirilir. Bələdçinin sözlərinə istinadən bu vulkanlardan çıxan palçığın insan səhhəti üçün faydalı olduğu qeyd olunur.

Azərbaycana səyahətin ikinci günü qrup üzvlərinin Abşerondakı Atəşgah Məbədi Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, eləcə də açıq səma altında yerləşən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksini ziyarət etdikləri bildirilir. Günün ikinci yarısında turistlərin Nobel qardaşlarının ev-muzeyi və Heydər Əliyev Mərkəzinə baş çəkdikləri nəzərə çatdırılır.

Qrupun Azərbaycanın tarixi Şamaxı şəhərinə və Lahıc kəndinə də səfər etdiyi nəzərə çatdırılır. Şamaxıya gedərkən turistlərin Diribaba türbəsini ziyarət etdikləri vurğulanır. Vaxtilə Azərbaycanın paytaxtı olmuş Şamaxı şəhərinin zəlzələ nəticəsində dağıldığı, buranın qədim abidələrlə zəngin olduğu, şəhərdə min ildən artıq tarixi olan Cümə məscidinin yerləşdiyi diqqətə çatdırılır. Günün ikinci yarısında Azərbaycanın Lahıc kəndinə üz tutan qrup üzvlərinin buradakı dulusçuların hazırladıqları əl işləri ilə tanış olduqları, müxtəlif suvenir və ədviyyatlar əldə etdikləri qeyd olunur.

Səfərin növbəti günü Qəbələ şəhərinə yollanan turistlərin burada arxeoloji muzeyə baş çəkdikləri və qazıntıların aparıldığı yerlərdə olduqları bildirilir. Burada alman arxeoloqların da iştirak etdiyi beynəlxalq arxeoloqlardan ibarət komandanın qazıntılar aparmasından söz açılır. Qəbələdən ayrılan qrupun Azərbaycanın tarixi Şəki şəhərinə səfər etdiyi vurğulanır. Zəngin tarixə malik olan Şəkidə qədim dövrlərdə Albaniya dövlətinin mövcud olduğu, burada qədim Alban xristian kilsəsinin yerləşdiyi nəzərə çatdırılır. Ərəb istilasından sonra Şəkinin Abbasilər xilafətinə daxil edildiyi, sonralar isə XVIII əsrdə müstəqil dövlətin paytaxtına çevrilməsi barədə məlumat verilir. Məlumatda qrupun Kiş kəndindəki X-XII əsrlərə aid olan kilsəyə baş çəkdiyi qeyd olunur. Kilsənin “Qafqaz kilsələrinin anası” hesab edildiyi bildirilir. Şəkinin məşhur Xan Sarayını ziyarət edən turistlərin sarayın divarlarındakı əl işləri, rəngli şüşələrdən hazırlanmış şəbəkələrinə heyran olduqları vurğulanır. Xan Sarayının mismar və yapışqandan istifadə edilmədən inşa edildiyi diqqətə çatdırılır.

Qrupun 200 il öncə Azərbaycana köç edərək burada özlərinə məskən salmış almanların yaşadığı Helenendorfa, indiki Göygölə səfər etdiyi bildirilir. İlk növbədə burada yaşamış almanların qəbirlərini ziyarət edən turistlərin şəhərdəki alman evangelik kilsəsinə baş çəkdikləri, buradakı muzeylə tanış olduqları, şəhərdə yaşamış sonuncu alman – Viktor Klaynın ev-muzeyində olduqları diqqətə çatdırılır. Qrupun Azərbaycanın tarixi Gəncə şəhərinə gələrək Azərbaycanın görkəmli şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etməsi barədə məlumat verilir. Turistlərin Gəncədən sonra Göyçaya oradan da Bakı şəhərinə yollandıqları qeyd olunur.

Azərbaycana səyahətin sonuncu gününü Bakı şəhərində keçirən almaniyalı turistlərin Azərbaycan Milli Xalça Muzeyini ziyarət etdikləri qeyd olunur. Muzeydə XIV əsrə və bürünc dövrünə aid olan, keramika və metaldan hazırlanmış on mindən çox tarixi eksponatın, XVII-X əsrlərə aid xalçaların nümayiş olunduğu diqqətə çatdırılır. Muzeyin birinci mərtəbəsində gözəl suvenirlər əldə etməyin mümkün olduğu vurğulanır.

Səyahətin sonuncu günü turistlərin Heydər Əliyev Hava Limanına gələrək, heç bir problemlə üzləşmədən qısa zaman kəsiyində qeydiyyatdan keçdikləri və rahat şəkildə Almaniyaya qayıtdıqları qeyd olunur. Ölkəmizin, onun tarixi yerlərinin, milli təamlarının turistlərdə unudulmaz təəssüratlar buraxdığı nəzərə çatdırılır.

Məlumatın sonunda alman turistlərin Azərbaycana səfər zamanı çəkdikləri ölkəmizin şəhərlərini, tarixi abidələrini, Bakı şəhərindəki qədim və müasir tikililəri, ölkəmizin milli mətbəxini və adət-ənənələrini əks etdirən fotoşəkillər yerləşdirilib.