Qazaxıstanın Almatı şəhərində ikinci Qazaxıstan-Azərbaycan Turizm Forumu keçirildi.
Tədbir Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı və Qazaxıstan Turizm İnstitutunun dəstəyi ilə reallaşıb. Forumda Qazaxıstanın və Azərbaycanın turizm sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Tədbirdə “Qazax Turizm” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədr müavini Timur Duysenqaliyev, Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatıdakı nümayəndəsi Ramil Rzayev, “Rayda Tour Operator” turizm şirkətinin inkişaf üzrə direktoru Veronika Lübçenko və digərləri iştirak edib.
“Qazax Turizm” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədr müavini Timur Duysenqaliyev Qazaxıstandan Azərbaycana yeni aviareysin açılmasının zərurəti, həmçinin yeni turizm perspektivləri – Xəzər dənizində turların təşkil olunmasının vacibliyindən danışdı.
Natiq qeyd edib ki, Azərbaycan və Qazaxıstan vətəndaşlarının qarşılıqlı səfərlərinin artırılması rəhbərlik etdiyi qurumun diqqət mərkəzində olan məsələlərindəndir.
T.Duysenqaliyev 2017-ci il aprelin 3-də Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayevin və Azərbaycan Prezidenti İlham Əliyevin görüşündə Qazaxıstan-Azərbaycan münasibətlərinin yeni formatda işə salınmasının bəyan edildiyini xatırladaraq bununla iki qardaş ölkə arasında daha sıx və uğurla inkişaf edən qarşılıqlı əlaqələrə imkan yaradıldığını bildirib. O, həmçinin 2018-2020-ci illər üçün işlənib-hazırlanmış ikitərəfli iqtisadi əməkdaşlığın yol xəritəsində prioritet sahələr müəyyənləşdirildiyini də qeyd edib.
Qeyd edilib ki, turizm gündəmdə olan sahələrdən biridir. Bu istiqamətdə artıq ciddi nailiyyətlər mövcuddur.
Daha sonra Azərbaycanın Qazaxıstandakı səfirliyinin nümayəndəsi Ramil Rzayev forum iştirakçılarına səfir Rəşad Məmmədovun müraciətini oxuyub.
Müraciətdə son illər qardaş ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən turizm sahəsində əməkdaşlığın genişlənməsinin müşahidə olunduğu vurğulanıb. Bildirilib ki, bu da təəccüblü deyil, çünki münasibətlərimiz ümumi tariximizə, dil və mədəni birliyimizə əsaslanır. Həm Azərbaycan, həm Qazaxıstan böyük turizm potensialına malikdir. Ölkələrimizdə turizm sahəsində birgə layihələrin həyata keçirilməsi üçün münbit şərait var. Belə forumların keçirilməsi qarşılıqlı fəaliyyətin müzakirəsi və səmərəli əməkdaşlığın inkişafı üçün gözəl imkandır.
Yeni aviareyslərin açılması vurğulanan müraciətdə Azərbaycanın milli aviaşirkəti “AZAL” tərəfindən Bakı-Almatı-Bakı marşrutu üzrə müntəzəm reyslərin açılması, bu marşrutun ölkələrimizə böyük uğur gətirəcəyi, turizm sahəsinin daha da inkişaf etdirilməsinə kömək edəcəyi qeyd edilib.
“Rayda Tour Operator” şirkətinin inkişaf üzrə direktoru Veronika Lübçenko, Naftalan şəhərindəki mehmanxanaların satışı üzrə direktor Mirağa Seyidov, Qalaaltı kurortun satış üzrə direktoru Fəxri Qafarlı, eləcə də Bakı şəhərindən olan mehmanxanaların nümayəndələri Azərbaycanın turizm imkanları haqqında ətraflı məlumatlar verib və təqdimatlar keçiriblər.
Forumda B2B formatında iki ölkənin işgüzar dairələri arasında qeyri-rəsmi informasiya mübadiləsi aparılıb.