Ev Turizm Xəbərləri Ankarada görkəmli qırğız sənətkarının yubileyi qeyd olunub

Ankarada görkəmli qırğız sənətkarının yubileyi qeyd olunub

Ankara

Ankarada görkəmli qırğız balet ustası Çolponbek Bazarbayevin anadan olmasının 70-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyə və Qırğızıstanı təmsil edən rəsmi şəxslər, elm və mədəniyyət adamları, sənətsevərlər iştirak ediblər.

Tədbirlə bağlı Türkiyəyə səfər edən Qırğızıstan Mədəniyyət, Məlumat və Turizm nazirinin müavini Baktıbek Sekimovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında olub. Oş şəhərinin 2019-cu ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunması, o cümlədən bu ilin böyük Azərbaycan şairi Nəsimi və Türkiyənin el sənətkarı aşıq Veysəl ili kimi qeyd olunması məmnunluqla xatırlanıb.

Qeyd olunan mövzularda keçirilən tədbirlərin mahiyyətindən bəhs edilib.

Baş katib Düsen Kaseinovun iştirakı ilə keçirilən görüşdə TÜRKSOY ilə Qırğızıstan arasında dinamik inkişaf edən əlaqələr yüksək dəyərləndirilib. Əminliklə ifadə olunub ki, TÜRKSOY bundan sonra da türkdilli ölkələrin mədəniyyətinin təbliği və inkişafı strategiyasını əzmlə irəli aparacaq.