“Hər bir turizmçi böyük məsuliyyət daşıyır. Etdikləri hər bir hərəkət, göstərdikləri xidmət, müştəriyə olan münasibətlə onlar özlərini deyil, ölkəni təmsil edirlər. Onların müsbət istiqamətdə işləri ölkənin imicinə təsir göstərir. Bu, ölkənin imicini formalaşdırır”.
APA xəbər verir ki, bunu “Turizm biznesinin mövcud vəziyyəti və perspektivləri” mövzundakı forumda Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib. Onun sözlərinə görə, noyabr ayından Azərbaycan vətəndaşlarına turizm haqqında məlumat verilməsi ilə bağlı kampaniyaya başlanacaq:
“Turizmin nə olduğu, müsbət fəaliyyətin ölkəyə hansı faydalar gətirdiyi barədə həm video, həm də digər formatlarda böyük təbliğat məqsədilə kampaniya başlayacaq. Bildirim ki, Strateji Yol Xəritəsinin icrası bizim fəaliyyətimizin başında gəlir. Bu, əslində Azərbaycanda turizmin inkişafı istiqamətində ortaya qoyulmuş bir sənəddir. Biz də fəaliyyətimizi Strateji Yol Xəritəsinin müvafiq bəndləri əsasında qurmuşuq ki, yekunda nəticəyə nail ola bilək. Orada elə məsələlər qoyulub ki, yaxın zamanda deyil, növbəti illərdə nəticələrini görəcəyik. Bu ilin hesabatı da dekabr ayında toplanacaq. Yəqin ki, növbəti ilin əvvəlində hesabatla tanış olmaq imkanı olacaq”.
Aparat rəhbəri qeyd edib ki, Dövlət Turizm Agentliyi və İqtisadiyyat Nazirliyi ilə müzakirə edilən əsas məsələ Turizm Fondunun yaradılmasıdır:
“Turizmin ən vacib məsələlərindən biri dövlətin sahibkarlara dəstək göstərməsidir. Gələcəkdə fondun yaradılmasının əsas təşəbbüsü ondan ibarətdir ki, sənaye üzvləri sırf turistlərə istiqamətlənən fəaliyyətlə məşğul olacaqlar. Gördükləri işlər turistlərin gəlməsinə yönələcək. Hazırda bu məsələ ciddi müzakirə olunur. Yəqin ki, növbəti il ərzində bu da öz həllini tapacaq. Ölkəyə turistlərin gətirilməsi istiqamətində müəyyən vəsaitin fond üzərindən maliyyələşdirilməsi ilə bağlı işlərə baxılır”.