Kənd təsərrüfatı məhsulları ilə bağlı festivalların keçirilməsi məhsuldarlığın artırılması üçün vacibdir. Fermerlərə, kiçik və orta sahibkarlara dəstək, onların istehsal etdikləri məhsulların təşviqi və satışının genişləndirilməsi məqsədi daşıyır. Belə festivallar həm də məhsul bayramı kimi xarakterizə olunur. Festivallarda təşkil edilən sərgi-satış yarmarkaları öz növbəsində yerli məhsullarını tanıdır. Müştərilərin tapılması və satış kanallarının genişləndirilməsinə xidmət edir.
Bu fikirləri “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyəti sədrinin müşaviri Vüqar Namazov Zaqatalada keçirilən II Beynəlxalq fındıq, qoz, şabalıd festivalının yekunları ilə bağlı müsahibəsində söyləyib.
Belə festivalların aqroturizmin inkişafına da böyük dəstək olduğunu vurğulayan ASC-nin təmsilçisi bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə reallaşan “Şəhərdən Kəndə” aqroturizm layihəsi çərçivəsində festival günlərində Zaqatalaya 50 nəfərdən çox aqroturist səfər edib. Onlar festivalın tədbirlərində iştirak etməklə yanaşı, rayonun görməli yerlərini də gəziblər. Təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb, kənd həyatı ilə tanış olublar.
Vüqar Namazovun sözlərinə görə, aqroturizmin inkişafı fermerlərə gəlirlərinin şaxələndirilməsi, əlavə gəlir mənbələri yerlərinin qazanılması üçün çox əhəmiyyətlidir. “Bu il üçün hədəflədiyimiz bir neçə marşrut var. Bu marşrutlar, əsasən şimal və şimal-qərb regionlarını əhatə edir. Ötən dövr ərzində biz artıq Şamaxı, İsmayıllı, həmçinin bu günlərdə Zaqatala turlarını reallaşdırdıq. Ümumiyyətlə, təkcə ölkəmizdə deyil, dünya təcrübəsində də festivallar məhsulların təşviqi ilə yanaşı, aqroturizmin inkişafına da güclü təkan verir”, – deyə ASC-nin İdarə Heyəti sədrinin müşaviri bildirib.