Ev Turizm Xəbərləri Assosiasiya rəhbəri: “”Şahdağ” xizək kurortuna dəmir yolunun çəkilməsi qış turizminin inkişafına səbəb...

Assosiasiya rəhbəri: “”Şahdağ” xizək kurortuna dəmir yolunun çəkilməsi qış turizminin inkişafına səbəb olacaq”

Şahdağ

“Azərbaycanın regionlarında, o cümlədən Şahdağa sürət elektrik qatarlarının işləməsi turistlərin müxtəlif bölgələrə axınını gücləndirəcək və turizmin inkişafını sürətləndirəcək”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Otellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi Şahdağ Qış-Yay Turizm Kompleksinə qədər dəmir yolu xəttinin çəkilməsinə münasibət bildirərkən deyib.

“Məncə turizm sənayesi Ləki-QəbələBakı-Yalama-Şahdağ istiqamətlərində dəmir yolu xətlərinin çəkilməsini səbirsizliklə gözləyir. Həmin təyinat məntəqələrindəki turizm kompleksləri bu infrastrukturdan qazanacaq, çünki turistlərin sayı artacaq. Bundan başqa, yeni dəmir yolları xətləri müxtəlif istiqamətlərdə olan turizm destinasiyalarını yaxınlaşdıracaq, yol daha komfortlu və qısa olacaq”, – deyə o, qeyd edib.

S.Dübəndi vurğulayıb ki, regionlara sürətli dəmir yollarının çəkilməsi həm daxili turizmi və eyni zamanda, Bakıya gələn turistlərin regionlara üz tutmasını artırar və ekoturizmın, milli parkların, aktiv, ekstrim və digər açıq hava turizm fəaliyyətlərinin inkişafına da müsbət təsir göstərər.

Xatırladaq ki, Bakı-Yalama dəmir yolu xəttinin yeniləşdirilməsi gündəmdədir və burada layihələndirmə işləri aparılır: Yolun əsaslı təmirinə bu il başlanması nəzərdə tutulur. Tikinti işlərinə başlandıqdan sonra prosesin təxminən iki il yarım müddətində davam etməsi planlaşdırılır. Biləcəri-Yalama-Biləcəri sahəsinin açılmış uzunluğu 382 kilometrdir. Yolun Biləcəridən Sumqayıta qədər olan 34 kilometri əsaslı təmir edilib, 336 kilometri isə bu layihə çərçivəsində əsaslı şəkildə yenidən qurulacaq. Hazırda bu xətdə elektrik, rabitə xətləri ilə bağlı işlər görülür, fiberoptik kabellər çəkilir. Eyni zamanda, 5 yeni yarımstansiya tikilib. Bakı-Yalama xəttinin yeniləşdirilməsi bu sahədə hərəkətin təhlükəsizliyinin təmin olunmasında, gələcəkdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətinin genişləndirilməsində mühüm rol oynayacaq. Yalamadan Qusar rayonundakı “Şahdağ” dağ-xizək kurortuna da dəmir yolunun çəkiləcəyi bildirilir. Artıq Şahdağ istiqamətində yeni dəmir yolu xəttinin layihələndirilməsinə başlanılıb.