PAYLAŞ
turizm

Bu gün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Astara şəhərində yeni turizm kompleksi fəaliyyətə başlaması münasibətilə keçirilən tədbirdə iştirak ediblər. 

Bu barədə “Report”a KOBİA-dan bildirilib. 

Məlumata görə, turizm kompleksinin istifadəyə verilməsi postpandemiya dövründə ölkəmizdə turizmin, xüsusilə də daxili və sərhədyanı turizmin inkişafında əhəmiyyətli olacaqdır. Kompleks Lənkəran iqtisadi rayonunun inkişafına, regionda yeni iş yerlərinin açılmasına və məşğulluğun təmin edilməsinə, sahibkarlığın təşviqinə də öz müsbət töhfəsini verəcək.

Rəsmi şəxslər kompleksin fəaliyyəti və burada həyata keçiriləcək digər layhələrlə tanış olub. Kompleksin fəaliyyətinin genişləndirilməsi imkanları, regionda turizm sahəsində mikro, kiçik və orta biznesin inkişafı istiqamətində müzakirələr aparıblar.

Turizm kompleksinin yaradılmasına dövlət dəstəyi KOBİA vasitəsilə təmin edilib. Belə ki, KOBİA kompleksin yaradılmasına məsləhət, dövlət və özəl qurumlarla əlaqələndirmə, peşəkar kadr potensialının formalaşdırılması, marketinq, sahibkarlığa göstərilən dövlət dəstəyi mexanizmlərindən istifadə istqamətlərində dəstək və xidmətlər göstərib.

Gənc sahibkarın yaratdığı turizm kompleksi dörd mərtəbəli oteldən, fitnes, atçılıq mərkəzi, kartinq, restoran, uşaq əyləncə mərkəzi və çimərliklərdən ibarətdir. Burada 60-dan çox iş yeri yaradılıb. Turizm kompleksinin yaradılmasına sahibkar tərəfindən 4 milyon manatdan çox investisiya qoyulub. 

Hazırda KOBİA turizm kompleksinə investisiya təşviqi sənədinin alınması prosesində dəstək göstərir. Kompleksin fəaliyyətinin genişləndirilməsi və daha çox iş yerlərinin yaradılaraq yerli sakinlərin məşğulluğunun təmin edilecek. Eləcə də kompleksin regionda fəaliyyət göstərən digər KOB subyektlərinin müvafiq xidmətlərindən istifadə etməsi məqsədilə KOBİA tərəfindən müəssisəyə dövlət dəstəyi davam etdiriləcək.