Əsrarəngiz gözəlliyə, mülayim iqlim şəraitinə malik Astara rayonunda turizmin inkişafı üçün geniş imkanlar var. Rayonun Xəzər dənizi və Talış dağları ilə əhatə olunması, zəngin tarix və mədəniyyət abidələri xarici turistlərin daha çox marağına səbəb olur.
Astarada turizmin inkişafı həm təbii şəraitlə, həm də bu sahədə maddi-texniki bazanın olması ilə əlaqədardır.
Rayonda fəaliyyət göstərən 13 turizm obyekti həm dəniz sahili boyu, həm də dağətəyi ərazilərdə yerləşir. Turizm obyektlərinin yay dövründə çimərlik, digər mövsümlərdə kənd və dağ turizminin inkişafına xidmət edir.
Ötən il Astara rayonuna 6 min nəfərdən çox turist gəlib. Bu ilin beş ayında isə rayona 2 min nəfərə yaxın turist səyahət edib. Onların 300 nəfəri xarici turistlərdir.
Rayon əhalisinin müəyyən bir qismi keçmiş MDB məkanında yaşayır. Əvvəllər onlar Türkiyə, Yunanıstan, İtaliya və digər ölkələrə tətilə yollanırdılarsa, artıq Azərbaycanda, xüsusən də Astarada dincəlməyə üstünlük verirlər. Rusiyadan Astaraya gələn turistlərin sayı ildən-ilə artır. İrandan gələn turistlərin sayı isə daha çoxdur. Astara ilə sərhəd olduğundan onlar üçün mövsümi turizm anlayışı yoxdur. Rayonda keçirilən mədəni-kütləvi tədbirlər də turistləri cəlb edir.
Astara şəhərində Xəzər dənizi sahili boyunca salınmış park-bulvar kompleksinin genişləndirilməsi, rayonun dağ kəndlərinə gedən yolların asfaltlaşdırılması turizmin inkişafı üçün geniş imkanlar açır.