Bu il futbol üzrə Avropa Çempionatının oyunları Sankt-Peterburqdan tutmuş, Bilbaoya qədər – düz 12 şəhərdə keçiriləcək. Təbii ki, rusiyalıların Avro-2020-yə baxa biləcəyi ən yaxın nöqtə Sankt-Peterburqdur. Lakin çempionatın təşkilat komitəsi ilə yanaşı, bizim də tövsiyə etdiyimiz daha bir variant var – Azərbaycan.
Bir tərəfdən ən maraqlı matçların məhz Bakıda keçəcəyi gözlənilir, digər yandan isə ¼ finalda Rusiyanın da oynayacağı istisna deyil.
Biz bu bloqu ta çempionat başlayanadək aparacaq, Azərbaycanda rus dili, qiymətlər, futbol olmayan günlərdə şəhərdə nə etmək və s. kimi bir çox maraqlı məqamlardan söhbət açacağıq. İndi isə ikigünlük səfərimiz zamanı Bakıda gördüklərimiz və AFFA-nın baş katibi Elxan Məmmədovla söhbətimizdən danışmaq istərdik.
Hərçənd, biraz haşiyə çıxa bilərik. Məsələn, Rostovdan Peterburq və Bakıya uçuşun qiyməti eynidir. Lakin Piterdə stadiona düşmək çox çətin olacaqsa, Bakıda yerlər hələ var və onlar daha ucuz başa gəlir. Üstəlik, mehmanxana qiymətlərində də qənaət mümkündür. Çempionat həm də turizm mövsümünün qızğın çağına düşür. Odur ki, Peterburq otellərində boş yer tapmaq həqiqətən çətin olacaq.
***
Son onillikdə Bakı bəlkə də MDB paytaxtları arasında ən fəal inkişaf edən şəhərdir: əhali artır, hər yanda göydələnlər ucaldılır, hər bir rayonunun ideyaları yenilənir və s. Məsələn, XIX əsrin neft mədənlərinə görə “Qara şəhər” adlandırılan rayon indi əksinə, Ağ Şəhərə çevrilib – artıq oradan zərərli istehsalat sahələri yığışdırılıb, onların yerində müasir, şüşəli ofis binaları, yaşayış evləri ucaldılıb. “Avro 2020”nin ən böyük fan-zonası da elə Ağ Şəhərdə yaradılacaq. O, düz Xəzər dənizinin sahilində yerləşəcək.
2016-cı ildən Bakı Formula 1-ə ev sahibliyi edir, 2019-cu ildə isə burada Avropa Liqasının finalı keçirilib. Odur ki, şəhər yavaş-yavaş böyük turnirlərin keçirilməsi təcrübəsinə sahib olur. “Birincisi, Avropa Liqası zamanı biz bu qədər adamın oyunlara fan-zonada tamaşa edəcəyini, ikincisi isə, ingilis azarkeşlərinin bu qədər pivə içəcəyini gözləmirdik. Daha doğrusu, onların çox içdiklərini bilirdik, lakin bunun bu qədər çox olduğunu bilmirdik. Bu dəfə bunu da həll edərik”, – deyə Elxan Məmmədov bildirir.
“Avro 2020”nin Bakıda keçiriləcək matçları arasında Uels millisinin qarşılaşması da var. Lakin qrup mərhələsində əsas turist axını Türkiyədən gözlənilir. “Püşkatma zamanı istəyirdik Bakıya həmsərhəd ölkələrdən birinin komandası düşsün. Çünki bu halda azarkeşlərin buraya gəlməsi asan olacaqdı. Rusiya əsas görüşlərini öz meydanında keçirəcək, bu səbəbdən də Türkiyə Azərbaycan üçün ən yaxşı variant idi”, – deyə Elxan Məmmədov qeyd edir.
Çempionatın keçiriləcəyi digər şəhərlərlə müqayisədə Bakının üstünlükləri sırasında ilk növbədə, dəniz göstərilir. Şəhər dəniz sahilində yerləşir. Lakin çimərliklər mərkəzdən 20-40 kilometr aralıdır. İyunda kifayət qədər isti olacağını nəzərə alsaq, çempionat zamanı çimərliklər istənilən turist proqramına daxil edilməlidir. Xüsusən də əgər qonaq bir neçə oyuna gəlib və futbol olmayan günləri də Bakıda keçirəcəksə.
Bakının digər görməli yerləri barədə gələn dəfə ətraflı danışarıq. Yalnız bir şeyi qeyd edək ki, onlar bir neçə gün gəzmək üçün tam kifayət edir. Bu sırada İçərişəhər və bir neçə muzey, müasir incəsənət sərgiləri və 2016-cı ildə açılmış Bakı Oimpiya Stadionu da var. Sonuncunu yəqin ki, çoxunuz Avropa Liqası finalının şəkillərindən tanıyırsız. Canlı isə o, daha böyük görünür. 70 min nəfərdən bir qədər az tamaşaçı tutan bu stadion 80 mindən artıq tutumu olan “Lujniki” stadionunu xatırladır. Kənardan isə o, Münhen “Bavariya”sının oynadığı “Alyans Arena”ya bənzəyir. Bənzərlik onların fasadındadır: stadionun səthi nazik lövhələrlə örtülüb və onlar müxtəlif rənglər alaraq mürəkkəb naxışlara çevrilir. Bu işıqlandırmadan yalnız matçlar zamanı istifadə olunur.
Bu yeni arenanın dərhal nəzərə çarpan yeganə çatışmazlığı isə meydanın ətrafındakı qaçış zolaqlarıdır. Bayaq adını çəkdiyimiz “Lujniki” stadionunda son yenidənqurma zamanı həmin zolaqlardan imtina ediblər. Bakıda isə buna bilərəkdən gediblər ki, stadion çoxfunksiyalı olsun. Axı Avropa Liqası və Avropa Çempionatı hər il burada keçirilməyəcək. “Arsenal”-“Çelsi” matçı zamanı qaçış zolaqları yaşıl örtüklə örtülmüşdü. Lakin indi qış mövsümüdür və zolaqlar əvvəlki rənglərinə qayıdıb.
Olimpiya Stadionuny “Avro 2020” üçün qoruyub-saxlayırlar. Futbol üzrə Azərbaycan çempionatının oyunları burada keçirilmir. Bunun üçün Tofiq Bəhramov adına stadion və nisbətən yeni “Baksel Arena” var. Stadionda konsert və digər idmandan kənar tədbirlər də təşkil edilmir. “Avropa Çempionatından sonra Olimpiya Stadionu inkişaf edəcək: burada basketbol meydançası yaradılacaq. Futzal meydançası və digər idman infrastrukturu isə artıq mövcuddur. Qaçış zolağında biz MMA döyüşlərini qəbul etmişik. Adam əlindən yer yox idi”, – deyə Elxan Məmmədov bildirir.
Bəs Rusya yığması Bakıda olacaqmı?
Bu variant həqiqətən də mümkündür. Reqlamentə görə, “Avro 2020”nin ¼ final oyunlarında biri də Bakıda oynanacaq. Bu, “B” qrupunda ikinci yeri tutacaq komanda olacaq. Rusiya yığması isə məhz bu qrupda yarışacaq. Belçikanı qabağa buraxmaqla, Danimarka və Finlandiyanı udmaq, bununla da ikinci yerə çıxmaq tam mümkündür. Amma bunun üçün səkkizdə bir mərhələsində “A” qrupunda ikinci yeri tutmuş komandanı – Türkiyə, Uels və ya İsveçrə millilərindən birini məğlub etmək lazım gələcək.
Bir sözlə, Rusiyanın məhz Bakıda oynamaq şansı 100 və ya 50% olmasa da, belə şans var və kifayət qədər realdır. Hər halda, ¼ finala biletlərin çoxunu məhz rusiyalı azarkeşlər alıb. Hələlik 38 min bilet satılıb. Yəni, yerlər hələ də var.