Ev Turizm Xəbərləri Avropa ölkələri də Türk Şurası ilə sıx əməkdaşlıq edir

Avropa ölkələri də Türk Şurası ilə sıx əməkdaşlıq edir

Xəzər İbrahim

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli dövlətləri birləşdirən qurumdur. Təşkilatın rolu çoxşaxəlidir. Əvvəllər həm siyasi, həm də mədəniyyət sahəsində əməkdaşlıq var idi, indi isə hətta biznes sahəsində də işbirliyi mövcuddur” Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyətli səfiri Xəzər İbrahim bildirib. Diplomat vurğulayıb ki, nə qədər çox ölkə bu təşkilata qoşulsa və nə qədər çox işbirliyi olsa, bu, bir o qədər Azərbaycanın maraqlarına töhfə verir:

“Özbəkistanın təşkilata qoşulması təbii ki, çoxdan gözlənilən və çox gözəl bir hadisədir. Çünki Özbəkistanın böyük bir tarixi var. Onun yalnız bölgədə deyil, eyni zamanda bütün türk dünyasının mədəniyyət aləmində, tarixində rolu böyükdür. Ona görə də Özbəkistanın təşkilata qoşulması bütün türk dünyası üçün böyük hadisədir. Türk Şurasının müxtəlif tranzit, turizm layihələri var ki, onlar Avropa ilə Asiyanı birləşdirir. Özbəkistan burada bəlkə də ən əsas rollardan birini oynaya bilər. Səmərqənd, Xivə kimi tarixi şəhərləri, coğrafi yerləşməsi Özbəkistanın öz töhfəsini verməyinə xidmət edəcək”.

Azərbaycanın Türkiyədəki səfiri vurğulayıb ki, yalnız türkdilli ölkələr deyil, eyni zamanda Avropada yerləşən dövlətlər də artıq Türk Şurası ilə sıx əməkdaşlıq edir: “Burada Macarıstanın müşahidəçi kimi olması çox böyük, əlamətdar hadisədir. Bu da yenə əməkdaşlığın yalnız duyğular üzərində qalmamasını şərtləndirir, praktiki əməkdaşlığa böyük töhfə verir”.