Ev Turizm Xəbərləri Avropalı turistlər Astaranın Sım kəndinə böyük maraq göstərirlər – REPORTAJ

Avropalı turistlər Astaranın Sım kəndinə böyük maraq göstərirlər – REPORTAJ

Astara

Son illər Azərbaycanda müxtəlif turizm istiqamətləri üzrə infrastrukturun yaradılması xarici turistlərin respublikamıza marağını daha da artırıb. Məlum olduğu kimi, dünya turizm sənayesində kənd turizmi mühüm yer tutur. Xüsusilə böyük ölkələrin əhalisi üçün şəhərin səs-küyündən uzaqda, sakit yaşıl guşədə istirahət etmək çox cəlbedicidir. Artıq 10 gündən çoxdur ölkəmizin gəzməli-görməli yerləri ilə tanış olan belçikalı turistlər kimi. İsmayıllı rayonunun Lahıc qəsəbəsindən sonra Astaranın ucqar dağ kəndi olan Sımda ev kirayələyən cütlük buradakı istirahətlərindən zövq alıblar.

Astaranın mərkəzindən 45 kilometr uzaqda, ucqar dağlıq ərazidə yerləşən Sım kəndi dəniz səviyyəsindən 800 metr hündürlükdədir. Kənd əsrarəngiz şəlaləsi, bulaqları və mağaraları ilə məşhurdur. Təkcə Sımın mərkəzində 74 bulaq mövcuddur. Kənd zəngin meşəsi və çoxsaylı şəfalı bulaqları ilə yanaşı, həm də özünün tarixi tikililəri və qayaları ilə də çox tanınır. Kənddə yerləşən Buzxana mağarası daim qonaqların diqqətini özünə cəlb edir.

Təkcə yerli turistlər deyil, xarici qonaqlar da bu kəndi görmək və burada istirahət etmək arzusundadır. Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov deyir ki, Astaranın Sım kəndinə xüsusilə Avropadan gələn turistlər böyük maraq göstərir: “İlin əvvəlindən bəri Belçika, Almaniya, Çexiya, Fransa və İtaliyadan olan turistlər artıq bu məkanda olublar. Bu günlərdə isə Belçikadan daha bir turist qrupu Sım kəndindədir. Turistlər bura gəlib 2-3 gün, hətta bir həftə kənd evlərində qalır, kənd həyatı ilə tanış olurlar. Onların dediklərinə görə, Azərbaycanın müxtəlif bölgələrində olmalarına baxmayaraq, Sım kəndi daha çox diqqətlərini çəkib”.

Belçikalı turistlər Astaraya gəlməmişdən öncə internet vasitəsi ilə Qafqaz haqqında geniş məlumat əldə ediblər. Onlar istirahət etmək üçün regionda ən təhlükəsiz və inkişaf etmiş ölkə kimi Azərbaycanı seçiblər. Belçikada mədəniyyət sahəsində çalışan Dimitri Riemis və Femke Cools cütlüyü Azərbaycanın şimal-qərb bölgəsi ilə tanış olduqdan sonra Lənkərana, oradan da birbaşa Astaranın Sım kəndinə üz tutublar. Burada kənd sakini Ruslan Əliyevin evinə yerləşiblər. Həm kənd həyatından, həm də kənddən böyük zövq alan turistlər burada gördüklərinə heyran qalıblar.

“Biz hər il bir ölkəyə səfər edirik. Bu il isə seçimimiz Qafqaz regionu oldu. Azərbaycan Qafqazda yerləşdiyi üçün ölkənizə bir ay ərzində səyahət etməyi qərara aldıq. Azərbaycanı seçmək və buranın təbiətini görmək arzusunda idik. Seçimimizdə yanılmamışıq. Ölkənizdə hər şey xoşumuza gəldi. Xüsusilə buranın təbiəti, dağların mənzərəsi, insanların bizi səmimi qarşılaması, qonaqpərvərliyi, mətbəxinizdə olan ləziz yeməklər bizdə xoş təəssürat yaratdı. Düşünürük ki, bu günə kimi səyahət etdiyimiz ölkələr içərisində Azərbaycan, o cümlədən Lənkəranın gəzib-görməli yerləri və Astaranın Sim kəndi bizdə ən böyük təəssürat yaradan məkanlar olacaq”, – deyə Femke Cools bildirib.

Uzun illərdir yaşadığı evi turistlərə kirayə verən kənd sakini Ruslan Əliyev 24 ildir Astara rayonunun Sım kənd Folklor evində metodist vəzifəsində çalışır. İşdən sonra onun əsas məşğuliyyəti əcnəbi turistlərə pullu xidmət göstərməkdir: “İlin əvvəlindən bəri Rusiya, Litva, İran, Çexiya, Macarıstan və İngiltərədən olan, ümumilikdə, 18 turist qəbul etmişəm. Növbəti qonaqlarım isə Belçika vətəndaşlarıdır. Hamısı mənim evimdə qalıblar. Onların gecələməsi və gündəlik yeməkləri üçün də bazarlıqları özüm edirəm. Turistlər bizim onlara göstərdiyimiz xidmətdən razı qalırlar”.

Qeyd edək ki, Azərbaycanın qədim yaşayış məskənlərindən olan Sım kəndində hazırda 180 ailə təsərrüfatında 830 nəfər yaşayır. Üç gün Sım kəndində qalan belçikalı turistlərin növbəti ünvanı Lerik rayonu olacaq.