Ev Gəzməli yerlər Avropaya qatarla ucuz səyahət

Avropaya qatarla ucuz səyahət

Qatarla səyahət

Avropanı qatarla gəzmək asan olacaq. “Rail Europe” şirkəti fevralın ortalarından Azərbaycanın turizm agentliklərinə rəsmi saytından bilet almaq imkanı verəcək.

Bunu Avropada dəmir yolu daşımalarını idarə edən “Rail Europe” şirkətinin satış meneceri Aleksis Darn deyib.

Bildirib ki, hazırda “Rail Europe” şirkətinin Azərbaycanda nümayəndəliyi – “SI Travel & Luxury” şirkəti fəaliyyət göstərir. Bunun sayəsində azərbaycanlı turistlər Bakının turizm agentliklərində Avropa qatarlarına bilet alıb, onların haqqını manatla ödəyə biləcəklər:

“Bu, çox rahatdır. Bileti öncədən almaq yola düşməzdən əvvəl vağzalda alınandan ucuz olur. Yenilənmiş sayt işə salınana qədər turizm agentlikləri əvvəllər olduğu kimi, biletləri nümayəndəliyimiz vasitəsilə, yaxud birbaşa “Rail Europe”nin “B2B” saytından (www.raileurope-world.com) da sifariş edə bilərlər.

Qatar

Avropada qatarlar istər dövlətlər, istərsə də ayrılıqda bir ölkənin regionları, şəhərləri və ətraf qəsəbələri arasında ən geniş yayılmış nəqliyyat vasitəsidir. Bunun səbəbi çoxdur. Dəmir yolu vağzalları adətən şəhərlərin mərkəzlərində yerləşir. Bu da vaxta qənaət etməyə imkan verir.

Bundan əlavə, qatarlar sürətli, rahat və səssizdir. Təyyarələrdə olduğu kimi, qatarlarda da ekonom, biznes və s. kimi siniflər var. Üstəgəl qatarlar fasiləsiz işləyir və cədvələ uyğun, vaxtında yola düşür.