PAYLAŞ
Turizm

Əgər səfərə hazırlaşırsınızsa, Azərbaycanı seçin!

AZƏRTAC xəbər verir ki, Avstraliyanın turizm sahəsində tanınmış delicious.com.au saytında məşhur jurnalist və bloger Kassandra Çarlikin “Səfər tendensiyaları: Niyə Azərbaycan – çünki bura qurmanların ziyarət etməli olduğu ən gözəl məkandır” sərlövhəli məqaləsi bu cümlə ilə başlayır.

Avstraliyalı jurnalist məqaləsində həmyerlilərinə yeni təamlar dadmaq üçün Azərbaycana getməyi tövsiyə edir. Məqalədə Azərbaycanın çox əlverişli coğrafi mövqeyi, əsrarəngiz təbiəti, qədim və zəngin mədəniyyəti və ən əsası mətbəximizin öz dadı ilə bir-birindən fərqlənən gözəl yeməkləri barədə geniş məlumatlar öz əksini tapıb. Diqqətə çatdırılıb ki, İpək yolunun üstündə yerləşən və dünyanın on bir iqlimindən doqquzuna sahib olan Azərbaycanda 4 mindən çox yemək növü var.

Müəllifin 14 hissəyə böldüyü məqalədə Azərbaycan mətbəxinin populyar nümunələrindən tutmuş çay süfrəsinin təşkilinədək bütün ziyafət mərasimi barədə ətraflı məlumat verilir. Mətbəximizin şahı hesab edilən plovdan başlayaraq, xəngəl, kabab, düşbərə, çığırtma, cız-bız, qutab, piti, dolma, dovğa və digər yemək növləri barədə danışan K.Çarlik onların hər birinin bişirilmə qaydası və istifadə edilən inqrediyentlər barədə də yazır. Vurğulayır ki, bu yemək növlərinin hər birinin saysız-hesabsız, fərqli nümunələri var. Məsələn, plovun 200-dən çox, dolmanın isə 400-dən artıq növü məlumdur.

Yemək zamanı azərbaycanlıların çörəkdən mütləq istifadə etdiklərini bildirən müəllif təndir çörəyi və lavaşın əvəzedilməz olduğunu vurğulayır. Yerli sakinlərin qatıq məhsullarına xüsusi üstünlük verdiyini və bunun bəzi yeməklərlə birlikdə qəbul edilərkən çox dadlı olduğunu qeyd edir.

Avstraliyalı jurnalist azərbaycanlıların istifadə etdikləri müxtəlif göyərtilərdən də söz açır, habelə buradakı pendir növləri, xüsusən motal pendirinin dadının unudulmazlığını yazır.

Ziyafət süfrəsinin yerli şirniyyatla verilən çayla başa çatdığını bildirən K.Çarlik Azərbaycan mürəbbələrinin, rəngarəng paxlavaların və şəkərburaların dünyanın heç yerində olmadığını vurğulayır.

Məqalədə xüsusi qeyd edilir ki, Azərbaycan şərabları dünyanın məşhur şərab brendlərindən heç də geri qalmır. Hətta bəzi hallarda onları ötüb keçir.

Bu yaxınlarda səfər etdiyi Azərbaycana valeh olduğunu vurğulayan müəllif buranı qurmanlar üçün cənnət adlandırır. Buna görə də onları Azərbaycana mütləq səfər etməyə dəvət edir.

Məqalədə Azərbaycanın görməli yerləri, mətbəx nümunələri barədə rəngarəng fotolara da geniş yer verilib.