COVID-19 pandemiyası Avstriya iqtisadiyyatının əsas qollarından biri olan turizmə ağır zərbə vurub. May-iyul aylarında ölkədə ötən ilin eyni dövrü ilə müqayisədə 44,6 faiz və ya 21,5 milyon az otel gecələmələri qeydə alınıb.
Bu barədə məlumat Avstriya Statistika İdarəsinin cari ilin yay mövsümünə dair hesabatında əksini tapıb. Yay aylarında şəhər otellərində vəziyyət daha ağır olub. Paytaxt Vyanada əksər otellər turist azlığına görə fəaliyyətini dayandırıb. İyul ayında Vyanada otel qonaqlarının sayı ötən ilin müvafiq ayı ilə müqayisədə 74 faiz az olub.
Dəniz sahillərində istirahətdən məhrum olan əksər avstriyalılar bu yay mövsümü Alp dağlarının qoynunda yerləşən göllərə üstünlük veriblər və Burqenland, Ştiriya və Karintiya federal əyalətlərində otel gecələmələri ötənilki nəticəni üstələyib.
Statistika İdarəsi bu ilin yeddi ayı əsasında turizmdə geriləmə olduğunu müəyyən edib. Ötən illə müqayisədə bu il ümumilikdə 33 faiz az qonaq (63,74 milyon gecələmə) istirahət üçün otellərə üz tutub.
Ənənəvi olaraq Avstriyaya ən çox turist göndərən ölkələrin statistikasında da geriləmə müşahidə olunub. Rusiya, ABŞ və İsveçdən gələn turistlərin sayı 90 faiz, İtaliyadan 66 faiz, Fransadan 55 faiz azalıb. Turizmdə bu yay mövsümündə əldə olunan göstəricilər əsas etibarilə daxili turizm sayəsində mümkün olub.