PAYLAŞ
Çin

İqtisadiyyat Nazirliyinin dəstəyi və ölkəmizin Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan sentyabrın 4-dən 9-dək Pekində keçirilən Çin beynəlxalq xidmət ticarəti sərgisində (China International Fair for Trade in Services – CIFTIS) iştirak edib. Bu, Azərbaycanın CIFTIS sərgisində ardıcıl ikinci iştirakıdır.

AZƏRTAC xəbər verir ki, Çin dövlətinin bu ildən daha çox əhəmiyyət verdiyi sərgi xidmət ticarəti sahəsində önəmli beynəlxalq platformaya çevrilib. Tədbir Çinin “açılım siyasəti”ndə Çin İdxal və İxrac Sərgisi (Canton Fair) və Çin Beynəlxalq İdxal Sərgisi (CIIE) ilə birgə ən vacib üç sərgidən biri hesab olunur.

Sərginin ölkə və regionlar pavilyonunda vahid stenddə Azərbaycanın investisiya mühiti, nəqliyyat-tranzit və turizm potensialı, sənaye parkları, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, habelə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), “Azərbaycan Hava Yolları” QSC-nin, “Silk Way West Airlines” və “SOCAR-Foster Wheeler Engineering LLC” şirkətlərinin göstərdiyi xidmətlər nümayiş etdirilib. Bununla yanaşı, stendimizdə “Made in Azerbaijan” brendi ilə istehsal olunan şərab və nar şirələrinin dequstasiyası təşkil edilib. Bu məhsullar sərgi iştirakçılarının böyük marağına səbəb olub və potensial müştərilərlə Azərbaycan məhsullarının Çinə idxalına dair danışıqlar aparılıb.

Qeyd edək ki, Çində cari il ərzində keçirilən ilk irimiqyaslı beynəlxalq sərgi olan CIFTIS onlayn və oflayn rejimdə keçirilib. Sərginin açılış mərasimində Çin lideri Si Cinpin videokonfrans formatında çıxış edib. Tədbirdə 18 minədək yerli və xarici müəssisə öz xidmətlərini nümayiş etdirib və 100 mindən çox insan sərgini ziyarət edib. Səkkiz tematik sektordan ibarət olan sərginin ekspozisiyası sahəsi 200 min kvadratmetrdən çox olub. Sərgi çərçivəsində 240 kommersiya razılaşması imzalanıb.