Dubaydakı beynəlxalq ticarət mərkəzində 26-cı illik “Arabian Travel Market-2019” (ATM) beynəlxalq turizm sərgisi keçirilir.
Ən iri və nüfuzlu beynəlxalq sərgi tədbirlərindən biri hesab edilən “ATM-2019” turizm sərgisi BƏƏ-nin vitse-prezidenti, Dubayın Baş naziri və hökmdarı Məhəmməd bin Rəşid Al-Maktumun himayəsi altında keçirilir. Ölkənin turizm sənayesi üçün mühüm hadisə olan bu sərgi bütün iştirakçıların öz turizm imkanlarını nümayiş etdirməsi üçün yaxşı bir seçimdir. Daha sıx əlaqələr qurulması və əməkdaşlıq haqqında sazişlər bağlanması baxımından isə gözəl fürsətdir.
Bu nüfuzlu sərgidə ölkəmizi Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun təşkilati dəstəyi ilə 28 turizm şirkəti və otel burada iştirak edib. O cümlədən “PASHA TRAVEL”, “Silk WayTravel”, “Zakher Travel” və digər məşhur yerli şirkətlər, habelə Azərbaycan Hava Yolları və Heydər Əliyev Beynəlxalq Aeroportu təmsil edir. UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final oyununu təbliğ etmək məqsədilə sərgidə AFFA-nın nümayəndələri də iştirak edirlər. Ayrıca stenddə çempionatın kuboku nümayiş etdirilir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, Yaxın Şərq regionunun turizm bazarı Azərbaycanda turizmin inkişafı və ölkəmizə turist axınının artırılması üçün xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Dubay sərgisi Yaxın Şərq bazarının əsas iştirakçıları ilə əlaqələri möhkəmlətmək üçündür. Bu regiondan Azərbaycana turist axınını artırmaq baxımından əhəmiyyətlidir. F.Zenqstşmid xatırladıb ki, bu ilin əvvəlindən Yaxın Şərqdə iki rəsmi nümayəndəlik açılıb – biri Ər-Riyadda, digəri Dubayda.
Sərginin elə ilk günündə ölkəmizin ekspozisiyası çoxsaylı ziyarətçilərin, o cümlədən turizm bazarı peşəkarlarının və potensial turistlərin diqqətini cəlb edib. Azərbaycan stendində ölkəmizin ən məşhur turizm istiqamətlərinin təkliflərindən xəbər tutmaq, Azərbaycanın turizm potensialı və görməli yerləri barədə ətraflı informasiya əldə etmək mümkündür.
Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə
Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə müsahibəsində qeyd edib ki, bu nüfuzlu beynəlxalq sərginin işində Azərbaycanın çoxsaylı turizm şirkətlərinin iştirak etməsi ölkəmizin turizm potensialının populyarlaşdırılması vacib amillərdəndir. Ərəb ölkələrindən, Körfəz dövlətlərindən, Afrika ölkələrindən və bütün dünyadan Azərbaycana turizm axınının artırılması baxımından böyük əhəmiyyət kəsb edir. K.Quluzadə deyib: “Məlum olduğu kimi, ölkəmizin rəhbərliyi ərəb ölkələrindən və digər dövlətlərdən turizm axınını stimullaşdırmaq üçün bütün zəruri tədbirləri görür. Bununla əlaqədar, viza prosedurlarının sadələşdirilməsi də turizm axınının artmasına səbəb olub və bu meyil davam edir”. Onun sözlərinə görə, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu həm Yaxın Şərq regionundan, həm də bütün dünyadan daha çox turist cəlb etmək üçün maksimum səy göstərir və belə bir tədbirdə iştirak etməyimiz ölkəmizin böyük turizm potensialını növbəti dəfə nümayiş etdirmək üçün gözəl fürsətdir.
“Zakher Travel” turizm şirkətinin direktoru İbad Bağırov
“Zakher Travel” turizm şirkətinin direktoru İbad Bağırov bildirib ki, turizm bazarında dörd ildən bəri uğurla fəaliyyət göstərən şirkət bu nüfuzlu böyük məmnuniyyətlə iştirak edir. Onun sözlərinə görə, altı ölkədə öz ofisi olan şirkət bütün turizm tədbirlərində fəal iştirak edir. İ.Bağırov vurğulayıb: “Bu gün biz burada ölkəmizin turizm potensialını təmsil edirik. Şirkətimiz Azərbaycanı Körfəz ölkələrində, Qazaxıstanda, Qırğızıstanda, Polşada, Rusiyada və Ukraynada fəal reklam edir. Şübhəsiz, bu mövsümdə turist axınının qat-qat artacağına ümid bəsləyirik”.
“Azərbaycan” pavilyonu elə ilk gündən sərgiyə gələn mütəxəssislərin və potensial səyyahların diqqətini cəlb edir. Ziyarətçilərin çoxu qeyd edib ki, indiyə qədər də Azərbaycanda olublar. Ölkəmizin zəngin mədəniyyəti və qədim tarixi, nadir görməli yerləri və mədəni irs obyektləri ilə böyük maraqla tanış olublar. Hələ ölkəmizdə olmayan ziyarətçilərə Odlar Yurdunu görməyin üstünlükləri və səyahət müddətində onların alacaqları unudulmaz təəssüratlar barədə müfəssəl məlumat verilib.
Azərbaycanın BƏƏ-dəki səfiri Mahir Əliyev, ölkəmizin Dubaydakı baş konsulu Cavidan Hüseynov, Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev sərginin Azərbaycan stendinə baş çəkiblər.