PAYLAŞ
turizm

Azərbaycan iranlı turistlərin sevdiyi məkandır. İranlı turistlər Azərbaycana böyük həvəslə səfər edir və çox razı qalırlar.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İranda fəaliyyət göstərən “Azərgəşt Məliki” turizm şirkətinin rəhbəri Məhəmməd Məliki deyib. O bildirib ki, Təbrizdən Bakıya çarter reysi təşkil olunur və hər həftə 150 nəfər Azərbaycana səfər edir. Bundan başqa, avtobuslarla da turistlərin səfərləri təşkil olunur. Hazırda Təbriz-Qəbələ avtobus marşrutunun açılması istiqamətində iş aparılır. Yay aylarına kimi bu marşrutu turistlərin istifadəsinə vermək istəyirik.

M.Məliki qeyd edib ki, Azərbaycan sabit və firavan ölkədir. Bakının gözəlliyi, tarixi məkanları, abidələri turistlərdə xoş təəssürat yaradır. Bakının dənizkənarı bulvarı iranlı turistlər arasında çox populyar yerdir. Bunlarla yanaşı, insanların qonaqpərvərliyi, xalqların eyni adət-ənənəyə və dinə malik olması turistlərin diqqətini daha çox cəlb edir.