PAYLAŞ
sərgi

ABŞ-ın Kaliforniya ştatının Örvayn şəhərində festival keçirilib. Azərbaycan oktyabrın 12-13-də keçirilən “Irvine Global Village Festival” adlı beynəlxalq mədəniyyət festivalında geniş təmsil olunub.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan “Report”a verilən məlumata görə, Kaliforniyanın ən böyük beynəlxalq mədəniyyət sərgilərindən olan sözügedən festivalda 50-dən çox ölkə iştirak edib.

Kaliforniya-Azərbaycan Dostluq Assosiasiyası və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən qurulan Azərbaycan stendində müxtəlif bannerlər, broşürlər, kitab və jurnallar vasitəsilə sərgi iştirakçılarına ölkəmiz haqqında geniş məlumat verilib.

Sərgi iştirakçıları Azərbaycanın coğrafi mövqeyi, əsrarəngiz təbiəti, memarlıq abidələri, qədim tarixi, zəngin mədəniyyəti, mətbəxi, musiqisindən danışıblar. Həmçinin turizm imkanları barədə ətraflı məlumat əldə ediblər. Bundan başqa, milli geyimlərimiz, rəqslərimiz və mətbəximizdən nümunələr festival ziyarətçilərində xüsusi maraq oyadıb.

Festival iştirakçılarının Azərbaycan və onun mədəniyyəti ilə bağlı çoxsaylı sualları icma fəalları və Baş Konsulluğun əməkdaşları tərəfindən cavablandırılıb.