Ev Ölkələr Azərbaycan AZƏRBAYCAN konqreslər bürosu ilə turizm agentlikləri arasında əməkdaşlıq müzakirə edilib

AZƏRBAYCAN konqreslər bürosu ilə turizm agentlikləri arasında əməkdaşlıq müzakirə edilib

Aprelin 12-də “Four Seasons Baku” mehmanxanasında Turizm agentlikləri (DMC) arasında əməkdaşlığa həsr edilmiş görüş keçirilib

Müxtəlif təşkilatlardan 70-dək nümayəndənin iştirak etdiyi tədbir zamanı Azərbaycan Konqreslər Bürosuna üzv olmağın üstünlükləri müzakirə edilib. Büroya üzv olan təşkilatlar Bakı Şopinq Festivalı, MICE – Toplantı, Təşviqat, Konfrans və Sərgi tədbirləri zamanı xüsusi üstünlüyə malik olurlar.

Tədbir zamanı həmçinin, planlaşdırılan sərgilər, may ayına nəzərdə tutulan, AzKB tərəfindən 10 şəhərdən cəlb ediləcək əsas MICE şirkətlərinin tanışlıq səfərinin təşkil olunmasıdır. Bu il mayın 1-dən 31-dək təşkil ediləcək Bakı Şopinq Festivalı haqda geniş məlumat verilib və bu tədbirlər zamanı qarşılıqlı əməkdaşlıq müzakirə edilib. Tədbirdə Azərbaycan Konqreslər Bürosu üzvlərinin hansı üstünlüklərə malik olmasından danışılıb. Həmçinin DMC tədbirlərində iştirak meyarları, eləcə də AzKB-nin bu il üçün əsas satış və marketinq yanaşmaları barədə geniş məlumat verilib.

AzKB-nin Turizm şöbəsinin nümayəndəsi 1-31 may tarixlərinə planlaşdırılan Bakı Şopinq Festivalı barəsində məlumat verərək qeyd edib ki, turistlərin həvəsləndirilməsi üçün xüsusi olaraq may ayında Bakı istiqamətinə hazırlanmış səfər paketləri çox sərfəlidir. Təklif edilib ki, DMC şirkətləri bu turist paketlərindən faydalanaraq öz müştərilərinə satışları təşkil etsinlər.

Təqdim edilən məlumatları böyük maraqla izləyən tədbir iştirakçılarını maraqlandıran müxtəlif suallara görüşün sonunda cavab verilib.

Qeyd edək ki, 2013-cü ildən fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun vəzifələrindən biri də,  Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəni beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliğ etməkdir. Bu məqsədlə, Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqələr qurur. Bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır. Bütün maraqlı Görüşlər Sənayesi iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda fəal iştirak edir.

Azərbaycan Konqreslər Bürosu ölkəmizdə işgüzar turizmin, həmçinin digər iqtisadi sektorların inkişafı üçün strategiya hazırlayaraq icra edir. Qurumun başlıca məqsədi, dəyərli məlumat və dəstək xidmətlərini təmin etməkdir. Habelə yerli toplantı sənayesi tərəfdaşlarının maraqlarını qorumaqla, Azərbaycanın nüfuzunu dünya səviyyəli toplantı və görüş məkanı kimi möhkəmləndirməkdir.