Azərbaycan Moskvada keçirilən 26-cı “MITT 2019” Beynəlxalq Turizm Sərgisində iştirak edir.
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə sərgiyə ölkəmizi təmsil edən 24-dən çox şirkət və hotel qatılıb.
Yeni turizm brendinə uyğun dizayn edilmiş stenddə videoçarxlar nümayiş etdirilir, təbliğat çap materialları paylanılır. Bu il sərgi çərçivəsində ilk dəfə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2018-2019 Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar öz təqdimatını da təşkil edib.
Azərbaycan stendinin açılışında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Rusiyanın Azərbaycan turizm bazarının ən önəmli iştirakçılardan biri olduğunu, ölkəmizə gələn rusiyalı turistlərin sayının ildən-ilə artdığını qeyd edib.
Kənan Quluzadə
Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə müsahibəsində bildirib ki, Rusiya Azərbaycanın turizm bazarında əhəmiyyətli yer tutur. O deyib: “Ötən il 850 mindən çox Rusiya vətəndaşı Azərbaycana səfər edib. Əlbəttə, onların arasında həmvətənlərimiz də var. Ancaq Azərbaycana turizm məqsədilə gələn rusiyalılar da çoxdur. Düşünürəm ki, ötən ilin dekabrından Rusiyada fəaliyyətə başlayan Azərbaycanın rəsmi turizm nümayəndəliyi də ölkəmizin turizm potensialının təbliğində mühüm rol oynayacaq. Sərgi çərçivəsində Azərbaycan Turizm Agentliyinin sədri Fuad Nağıyev Türkiyə, İsrail və Rusiyadan, o cümlədən Şimali Qafqazdan olan tərəfdaşlarımızla görüşlər keçirib, əməkdaşlıq planları müzakirə olunub”.
“Absheron Hotel Group” şirkəti satış qrupunun turizm agentlikləri üzrə direktoru Mehman Əlizadənin sözlərinə görə, təmsil etdiyi şirkət “MITT” sərgisinin daimi iştirakçıdır. “Sərgidə Absheron Hotel Group” 8 otellə təmsil olunur. Bu il ilk dəfə Bakıda yeni açılan “Dinamo” beşulduzlu otelimizi də sərgi iştirakçılarına təqdim edirik. Statistikaya görə, Rusiyali turistlər otellərimizin müştəriləri sırasında ərəb turistlərindən sonra ikinci yeri tutur. Onlar həm şəhər və dənizkənarı otellərimizə, eləcə də “Şahdağ” Turizm Kompleksimizə maraq göstərirlər. Təbii ki, turistləri Azərbaycanın təkrarsız təbiəti ilə yanaşı, milli mətbəxi, müxtəlif çeşidli şərabları da cəlb edir”, – deyə o bildirib.
Ölkəmizin Rusiyadakı turizm nümayəndəliyinin təmsilçisi Kira Vekşina Rusiyanın getdikcə daha çox turizm operatorunun Azərbaycan ilə maraqlandığını qeyd edib. K.Vekçina deyib: “Mən özüm də bakılıyam və təbii ki, Azərbaycana maraq göstərən turizm operatorlarına deməyə sözüm çoxdur. Azərbaycanın ildən ilə artan turizm potensialı, bütün mövsümlərdə səyahət və istirahət üçün təklif olunan maraqlı variantlar barədə rusiyalı turistlərə məlumatlar veririk. Əminəm ki, bu cür sərgilər təkcə Rusiyadan deyil, dünyanın bütün ölkələrindən turistlərin Azərbaycana cəlb edilməsində müsbət rol oynayır”.
Martın 14-dək davam edəcək sərgidə dünyanın 54 ölkəsindən 2000-ə yaxın şirkət iştirak edir. Sərginin ümumi sahəsi 40 min kvadratmetrdir. Bu il sərgiyə ilk dəfə Qətər, Livan, Nikaraqua, Monqolustan, İndoneziya və digər ölkələr, habelə tərəfdaş ölkə kimi Bəhreyn də qatılıb. Türkiyə sərginin ən fəal iştirakçılarındandır. Bu il qardaş ölkə sərgidə 40-dan çox şirkətlə təmsil olunur.