Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə turizm şirkətlərinin və otellərin nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyəti Dubayda keçirilən “ATM 2019” (Arabian Travel Market 2019) beynəlxalq turizm sərgisində iştirak edir.
Aprelin 28-də başlayan sərgi mayın 1-dək davam edəcək. Sərgidə Azərbaycan yeni brendə uyğun dizayn edilmiş 190 kvadratmetrlik stendlə təmsil olunur. Müxtəlif turizm şirkətləri, otellərlə yanaşı, Azərbaycan Hava Yolları və Heydər Əliyev Hava Limanı da sərginin 28 iştirakçısı sırasındadır. Mayın 29-da Bakıda keçiriləcək UEFA-nın Avropa Liqasının final oyununun təbliğatı məqsədilə sərgidə AFFA-nın nümayəndələri də iştirak edir.
Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, Yaxın Şərq bazarı Azərbaycan üçün xüsusi önəm daşıyır. O qeyd edib ki, Dubay sərgisi Yaxın Şərq bazarının əsas iştirakçıları ilə əlaqələrin möhkəmləndirilməsi, ərəb turistlərin cəlb edilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın bu bazara diqqət yetirdiyini vurğulayan F.Zenqstşmid ötən ildən etibarən regionda 2 rəsmi turizm nümayəndəliyimizin fəaliyyətə başladığını bildirib.