Ev Turizm Xəbərləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və AZAL ikitərəfli əməkdaşlığı genişləndirir

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və AZAL ikitərəfli əməkdaşlığı genişləndirir

turizm

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşəbbüsü ilə “Azərbaycan Hava Yolları” (AZAL) şirkəti ilə onlayn müzakirə təşkil edilib.

ATAA-nın mətbuat xidmətindən bildirilib ki, müzakirə zamanı ikitərəfli əlaqələrin və əməkdaşlığın genişləndirilməsindən danışılıb. Aviauçuşların bərpası, sərnişinlərin təhlükəsizliyi, eləcə də bilet satışı ilə məşğul olan turizm şirkətlərinin fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Məhdudiyyətlərin pandemiya dövründə tətbiq olunmasının vacibliyinə toxunan AZAL-ın vitse-prezidenti Eldar Hacıyev yeni qaydaların tətbiqində əsas məqsədin vətəndaşların sağlamlığını qorumaq olduğunu deyib. Sosial məsafəni saxlamaqla virusun geniş yayılması riskinin qarşısının alınması olduğunu bildirib.

Müzakirələrdə çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Rüfət Hacıyev hazırda turizm şirkətlərinin böhran yaşadığını diqqətə çatdırıb. Rüfət Hacıyev iyunun 18-dən AZAL tərəfindən bilet satışının yalnız onlayn qaydada həyata keçirildiyini bildirib. Əksər turizm şirkətləri tərəfindən müəyyən narazılıqla qarşılandığını da diqqətə çatdırıb.

Azal rəsmisi karantin bitdikdən sonra, bilet satışlarının sərnişinlərin istəyinə uyğun olaraq həm kassalara yaxınlaşmaqla, həm də onlayn şəkildə mümkün olacağını qeyd edib. O, eyni zamanda, turizm şirkətlərinin karantindən sonra öz müştərilərinə bilet satışından danışıb. Əvvəlki qaydada həyata keçiriləcəyini vurğulayıb.

Eldar Hacıyev hazırda həyata keçirilən xüsusi reyslərin pilot layihə olduğunu və nəticələrdən asılı olaraq digər istiqamətlərə də uçuşların açılmasını nəzərdən keçirdiklərini deyib.

Müzakirələr çərçivəsində Rüfət Hacıyev iş yerlərində virusa yoluxma risklərini azaltmaq məqsədilə ATAA tərəfindən turizm şirkətləri üçün yeni standartlar təklifinin hazırlandığını da diqqətə çatdırıb.

Onlayn müzakirələrin sonunda ikitərəfli görüşlərin mütəmadi olaraq keçiriləcəyindən danışılıb. AZAL və ATAA üzvləri arasında pandemiya dövründə kommunikasiya əlaqələrinin daha da genişləndirilməsi qərara alınıb.