PAYLAŞ
Mustafa Dadaşov

Ötən il Azərbaycana 2,8 milyon turist səfər edib. Bu ilin 9 ayında isə turistlərin sayı keçən ilə nisbətən 10 faiz artıb. Ümid edirik ki, ilin sonunadək bu artım davam edəcək. 2019-cu ilin yekununda Azərbaycanı ziyarət edən turistlərin sayında artım müşahidə olunacaq.

Bu barədə Şəki Destinasiya Menecmenti Təşkilatının təqdimat mərasimində iştirak edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid jurnalistlərə müsahibəsində deyib.

Hazırda Şəki və Qubada Destinasiya Menecmenti Təşkilatının ofisinin olduğunu bildirən Turizm Bürosunun rəsmisi qeyd edib ki, Şəki ofisinin açılmasının əsas səbəblərindən biri də Balakəndən Şəkiyə qədər olan ərazinin Azərbaycanın turizm cəhətdən seçilən zonalarından olmasıdır. Eyni zamanda, bu zona Azərbaycanla Gürcüstanı birləşdirən turizm dəhlizinin üzərində yerləşir.

F.Zenqstşmid deyib: “Destinasiya Menecmenti Təşkilatının əsas vəzifəsi Azərbaycanın bir turizm destinasiyası kimi təbliğatı və təşviqindən ibarətdir. Digər bir vəzifəsi də özəl, ictimai və icma sektoru ilə birlikdə turizm nümayəndələri arasında əlaqənin yaradılmasıdır. Ümid edirik ki, bu ofis müvafiq regionun ortaya çıxmayan, bənzəri olmayan turizm potensialını qaldıracaq. Onun bir turizm məhsuluna çevrilməsində əhəmiyyətli rol oynayacaq”.

Gəncə və Lənkəranda da Destinasiya Menecmenti Təşkilatının ofislərinin açılacağını vurğulayan Florian Zenqstşmid bildirib ki, Bakı paytaxt olduğundan çoxlu sayda turistə xidmət təklif etmək iqtidarındadır. Regionlarla əməkdaşlıq edilərsə, turizm sektorunda daha yüksək nəticələrə nail olmaq mümkündür.