PAYLAŞ

Ruslan Quliyev Dünya Sağlamlıq Turizmi Təşkilatının (DSTT) prezidenti seçilib

Antalyada keçirilən “Hestourex” (Səhiyyə, idman və alternativ turizm) sərgisi çərçivəsində beynəlxalq təşkilatın seçki iclası olub. Seçkidə 22 ölkədən 48 nümayəndə iştirak edib.

Səsvermə ilə təşkilatın altı vitse-prezidenti və prezidenti elan olunub. Təşkilata rəhbərlik Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana keçib. Eyni zamanda, Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın idarə heyətinin üzvi Ceyhun Aşurov DSTT-nin baş katibinin müavini seçilib.

Toplantıda çıxış edən Ruslan Quliyev Azərbaycan sağlamlıq turizminin imkanları və perspektivləri barədə məlumat verib, təşkilatın platformasını açıqlayıb.

O jurnalistlərə müsahibəsində bildirib ki, bu seçim Azərbaycanda sağlamlıq turizminin inkişafına yeni töhfə verəcək və ölkə turizminin bu istiqamət üzrə tanıdılmasına geniş imkanlar yaradacaq: “Bu təşkilatda fəal üzvlüyümüz Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb. Ötən beş ildə ölkəmizin turizm potensialının tanınmasına böyük əmək sərf olunub. Biz çalışacağıq ki, rəhbərliyimiz dövründə də bu istiqamətdə işlərimizi davam etdirək. Azərbaycanın Dünya Sağlamlıq Turizmi Təşkilatına səsvermə yolu ilə rəhbər seçilməsi bir daha ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Toplantının nəticələrinə görə 2019-cu ildə Beynəlxalq Sağlamlıq Turizm Forumu Azərbaycanda keçiriləcək. Bu da ölkəmizdə turizmin daha da genişlənməsinə təkan verəcək”.

Qeyd edək ki, 60 ölkənin, o cümlədən, Rusiya, Böyük Britaniya, Almaniya, Türkiyə, Hindistan kimi ölkələrin təmsil olunduğu beynəlxalq quruma Azərbaycan 2014-cü ildən üzvdür.