PAYLAŞ
Turizm

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib. Mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən cari ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu dövrdə ölkəmizə gələnlərin 29,7 faizi Rusiya Federasiyası, 26,7 faizi Gürcüstan, 14,5 faizi Türkiyə, 7,0 faizi İran, hər birindən 2,1 faiz olmaqla Hindistan və Ukrayna, 2,0 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,3 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Pakistan, hər birindən 1,2 faiz olmaqla Küveyt və Qazaxıstan, 1,1 faizi Türkmənistan, 0,9 faizi Böyük Britaniya, hər birindən 0,8 faiz olmaqla Özbəkistan və İraq, 0,7 faizi Belarus, 0,6 faizi İsrail, 5,9 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 76,2 faizini kişilər, 23,8 faizini qadınlar təşkil edib.

Cari ilin yanvar-iyun aylarında Çindən gələnlərin sayı 7,6 dəfə, Cənubi Koreyadan – 6,9 dəfə, Macarıstandan – 5,3 dəfə, Yaponiyadan və İsraildən – 5,1 dəfə, Polşadan – 4,7 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən – 4,6 dəfə, Kanadadan – 4,2 dəfə, ABŞ-dan və Böyük Britaniyadan – 4,0 dəfə, İraqdan – 3,9 dəfə, Fransadan – 3,8 dəfə, Almaniyadan – 3,7 dəfə, Omandan – 3,6 dəfə, Niderlanddan – 3,5 dəfə azalıb.

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,0 dəfə azalaraq 16,7 min nəfəri təşkil edib. Körfəz ölkələrindən gələnlərin sayı 2,8 dəfə azalaraq 79,1 min nəfər olub. MDB ölkələrindən gələnlərin sayı 2,4 dəfə azalıb.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,0 faizi dəmir yolu və avtomobil ilə gəlib. 30,4 faizi hava, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı azalıb. 2,6 dəfə azalaraq 973,4 min nəfəri təşkil edib. Ölkə vətəndaşlarının 33,2 faizi İrana, 29,6 faizi Gürcüstana, 20,5 faizi Rusiya Federasiyasına, 9,5 faizi Türkiyəyə, 7,2 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 69,7 faizini kişilər, 30,3 faizini qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayındada dəyişiklik olub. İrana 3,1 dəfə, Türkiyəyə gedənlərin sayı 2,8 dəfə Gürcüstana gedənlərin sayı 2,4 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 2,3 dəfə azalıb.

2020-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 81,7 faizi dəmir yolu ilə gedib. 16,5 faizi hava, 1,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.