PAYLAŞ
Azərbaycan

1. Neft daşları

Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Əzizbəyov rayonunun ərazisinə daxildir. Abşeron yarımadasının 42 km-də cənubi-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadada dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir.
1949-cu il noyabrın 7-də Azərbaycan neftçiləri dünyada ilk dəfə olaraq, dənizin dibindən sənaye məqsədilə karbohidrogenləri əldə etməklə öz tarixində yeni səhifə açdılar. Həmin gün Neft Daşları yatağının 942 m dərinliyindən Xəzər nefti fəvvarə vurdu.
1951-ci il fevralın 18-də Neft Daşlarınin nefti ilə doldurulmuş ilk tanker boşaldılmaq üçün Dübəndi limanına yan verdi. Bir neçə aydan sonra isə dənizin 20-25 m. dərinliyində estakadalar və burğu, texnoloji sahələr tikilməyə başlandı. Elektrostansiyaların, nasos-kompressor kompleksinin, köməkçi sexlərin, neftçilər üçün yaşayış 5-9 mərtəbəli evlərin ümumi sahəsi 1960-cı ilin əvvələrində 70 min kvadratmetr idi. Beləliklə Neft Daşları dəniz möcüzə-şəhərinə çevrildi. 60-cı illərin axırında özünəməxsus “küçə” vəzifəsini yerinə yetirən estakadaların ümumi uzunluğu 200 km-dən çox idi. Neft Daşları ilə Bakını radiotelefon rabitəsi birləşdirir. İnsanların, qida məhsullarının və başqa əşyaların daşınmasında Mİ-8 vertolyotundan istifadə olunur. 2000-dən çox əhalisi olan Neft Daşları Azərbaycanın ən şərq yaşayış məntəqəsidir.

Neft Daşları


1949-cu ildən burada 1940 quyu qazılmışdır, 160 mln ton neft, 12.3 mlrd m kub. qaz əldə edilmişdir. Bu gün orada 377 quyu fəaliyyətdədir və hər birisi sutkada orta hesabla 5 t. neft verir. Hər gün Neft Daşlarında 5-6 yeni quyu qazılır.
Ola bilsin bir neçə vaxtdan sonra bu estakadalar, neft yataqları, neft buruqları artıq olmasın. Ancaq neft Bakısının bir rəmzi kimi, insanların ağlı və şücaəti kimi Xəzərin əfsanəvi Neft Daşları insanların yaddaşında əbədi qalacaqdır.

2. Şuşa

Şuşa Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Bu şəhərin adını bildirən “Şuşa” sözü bu diyarın saf, qeyri-adi dərəcədə şəffaf dağ havasının rəmzi olan “şüşə” sözündəndir. Təbiət Şuşaya unikal bulaqlar və mineral sular bəxş etmişdir. Turşsu, İsabulağı, Səkinə bulağı, İsti bulaq, Soyuq bulaq, Çarıx bulaq, Saxsı bulaq, Qırx bulaq, Yüz bulaq və başqa bulaq adları bunu sübut edir.
Şuşa şəhəri iki tərəfdən güclü qala divarı ilə əhatə olunmuşdur. Şəhərin yaranması XVIII əsrdə Qarabağ xanlığının yaranması və onun qüdrətinin artması ilə bağlıdır.

Şuşa


Xanlığın hökmdarı Pənahəli xan yadelli işğalçılardan müdafiə məqsədilə bir neçə qala, o cümlədən, Bayat və Şahbulaq qalalarını tikdirmiş, Əsgəran qalasını möhkəmlətmişdir. Şuşa şəhər-qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur.
Məşhur rəssam V.Vereşşagin Şuşanı görəndən sonra yazmışdı: “Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir”.
Şuşa bir sıra görkəmli şəxsiyyətlərin vətənidir. Cabbar Qaryağdı oğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov, Zülfüqar Hacıbəyov, Soltan Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov və bir sıra başqa istedadlı sənət adamları əslən şuşalıdır. Buna görə də təsadüfi deyildir ki, Şuşanı “Şərqin konservatoriyası” adlandırırlar.
Yazıçılardan Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, məşhur şairə Xurşidbanu Natəvan, şair Qasım bəy Zakir, heykəltəraş C. Qaryağdı, rəssam Toğrul Nərimanbəyov və başqaları Şuşada doğulmuşlar.
Şuşada memarlıq abidəsi sayılan 170 bina və 160 sənət abidəsi vardı. Məşhur “Gəncə darvazalan”, Qala divarları, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, Qarabağ xanlarının imarəti, Natəvanın ev-muzeyi, Port-Arturun müdafiəçisi, artilleriya generəlı Mehmandarovun evi, şair və rəssam Mir Mövsüm Nəvvabın evi, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun ev-muzeyi, məşhur müğənni Bülbülün ev-muzeyi, şair Vaqifin məqbərəsi bu qəbildəndir.

İşğal altında olsa da bu bölgəmizin gözəliyini heç vaxt unutmamalıyıq.

3. Şirvanşahlar sarayı

XV əsrin əvvəllərində tikilən Şirvanşahlar sarayı bir müddət şirvanşahların iqamətgahı olmuşdur. Saray kompleksi bir neçə binadan ibarətdir. Kompleksə saray binasından başqa şərti olaraq divanxana, Şirvanşahların türbəsi, şah məscidi, ovdan, hamam, Seyid Yəhya Baküvinin türbəsi hesab edilən tikinli və şərq darvazası daxildir. Kompleksin ən maraqlı və gözəl binası sarayla yanaşı tikilmiş divanxana adı ilə tanınan abidədir.

Şirvanşahlar sarayı

4. Şəki Xan sarayı

Şəki xan sarayı dünya abidələri siyahısına daxil edilmişdir. Şəki xanlarının yay sarayı 1761-1762-ci illərdə Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə tikilmidir.
Bəzi mənbələrdə bu saray «Müştaq imarəti» kimi də qeyd olunmuşdur.
Xan sarayı qala divarları ilə əhatə olunmuşdur. Xan sarayı ikimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir. Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi fiqurlara bölünmüş, ağac parçaların aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə pəncərə və qapılardan ibarətdir. Şəbəkələrin hər bir kvadrat metri orta hesabla 5000, mürəkkəb yerləri 14000 ağac və şüşə şəbəkədən ibarətdir. Binada mismar və yapışqandan istifadə edilməmiş, ağac və şüşə parçaları bir-birinə geyindirilmişdir. Saray divarın ornamentliyi, piştağların genişliyi, naxışlı şəbəkələr, müxtəlif naxışlar, gəc üzərində oymalar məharətlə işlənmişdir. Otaqların divarları ilə yanaşı tavanı da olduqca gözəl naxışlarla bəzədilmişdir. Türk şairi Nazim Hikmət saraya baxdıqdan sonra belə yamışdır: “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi”.

Şəki xan sarayı

5. Cəbrayıl – Xudafərin körpüsü

Cənubi və Şimali Azərbaycan dedikdə ilk növbədə ağla Xudafərin körpüsü gəlir.
Xudafərin körpüsü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan ticarət yolu üzərində tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət kəsb edir. Xudafərin körpüsü bir qeyrət körpüsüdür, xalqımızın tarixi birliyini zaman-zaman yada salır.

Cəbrayıl – Xudafərin körpüsü

6. Tala məscidi

Keçmiş Sovetlər birliyinin ən böyük məscidi olan Tala məscidi, kəndin içindən keçən şosse yolunun üstündə geniş bir ərazidə (0,82 ha) yerləşir. Bir-birinə tağlar vasitəsilə möhkəm bağlanmış, əzəmətli qalın kərpic sütunlarla əhatə olunaraq inşa edilən nəhəng məscid binası, ilk baxışdan bütün gözəlliyi ilə diqqəti özünə çəkərək insanı valeh edir. Məbədin ümumi sahəsi (52,0×37,70 m) 1960 kvadratmetrdir. Binanın tikintisində daha çox bişmiş qırmızı kərpicdən istifadə edilmişdir. Binanın qiblədən başqa hər üç tərəfi nəhəng arko sütunları olan eyvanla əhatə olunmuşdur. Eyvan boyu cəmi 20 ədəd sütun dirək vardır. Ibadət zalına daxil olmaq üçün, binanın 3 əzəmətli qapısı vardır ki, bu qapılar ağac materialından yüksək sənətkarlıqla hazırlanmışdır.
İbadət zalının uzunluğu 40 m, eni isə 30 metr olub, sahəsi 1200 kvadratmetrdir. Zalın daxilində dörd cərgə uzununa 24 ədəd sütun dirək vardır. Bu sütunlar tağlar vasitəsilə bir-birinə möhkəm bağlanmışdır. Divarının qalınlığı 90 sm-dir. Bütün divar boyu alt-üst iki cərgə pəncərə düzülmüşdür. Binanın cəmi 42 pəncərəsi olub, yuxarı başları yarımdairəvi arko şəklindədir. Daxili hündürlüyü 8,50 m, çardağının hündürlüyü isə 8 metrdir. Döşəməsi betondan, tavanı taxtadan və dam örtüyü dəmirdəndir.

Tala məscidi


Bünövrəsi hicri 1319-cu ildə (miladi 1901) qoyulan “Tala məscidi”nin tikintisi 1910-cu ildə başa çatdırılmışdır. Məscidin damı isə məşhur xeyriyyəçi Hacı Zeynalabidin Tağıyevin hədiyyə etdiyi 2000 ədəd dəmir təbəqə ilə örtülmüşdür.

7. Qobustan

Qobustan torpağı arxeoloji abidələrlə zəngindir. Bu günə qədər burada 30 ədəd kurqan və 20-yə yaxın ibtidai insan düşərgəsi aşkar edilib. Onlar iri ölçülü əhəng daşlarından hazırlanmışdır.
Qədim əcdadlarımızın həkk etdiyi rəsmlər Böyükdaş, Kiçikdaş, Cinqırdağ və Yazılı təpəsinə də rast gəlinir. Burada ibtidai insanlar, heyvanlar, döyüş səhnələri, ayin xarakterli rəqslər, öküzlərin döyüşü, silahlı avarçəkənlərlə dolu olan qayıqlar, əllərində nizə tutmuş döyüşçülər, dəvə karvanları, günəş və ulduz təsvirləri vardır.

Qobustan

8. Nizami məqbərəsi

Azərbaycanın qədim yaşayış mərkəzlərindən olan Gəncə şəhərinə gələnlər ilk növbədə dünya ədəbiyyatının incilərindən sayılan dahi Nizaminin məqbərəsi ilə qarşılaşırlar. Türbənin tikintisi XIII-XIV əsrlərə aid edilir. Sonralar Mirzə Adıgözəl bəy Qarabaği və Əsgərağa Gorani tərəfindən təmir etdirilmişdir. 1947-ci ildə şairin qəbri üzərində yeni məqbərə ucaldılmışdır. Məqbərə 1990-1991-ci illərdə yenidən qurulmuş, qədim arxitektura ənənələri saxlanılmaqla müasirləşdirilmişdir. Hazırda məqbərənin mərkəzi xiyabanının uzunluğu 125 metr, eni isə 40 metrdir. Hündürlüyü 20,9 metr olan məqbərənin ətrafındakı sahədə şairin «Xəmsə»-sinin rəmzi kimi 5 iri fəvvarə tikilmişdir.

Nizami Məqbərəsi

9. Azıx Mağarası

 Azıx mağarası Azərbaycan ərazisində olan poliolit dövri abidələrindən sayılır. Azıx mağarası Hadrut rayaonunda, Tuğ çökəkliyini kəsən Quruçay dərəsinin sol sahilindəki sıldırım qayalıqda yerləşir. Burada 1960-88-ci illərdə aparılan elmi tədqiqatlar nəticəsində 100 mindən artıq maddi-mədəniyyət abidəsi tapılmışdır. Azərbaycanda bu abidə ilə bağlı 10 kitab, 200 dən çox elmi məqalə çap olunmuşdur. Burada aparılan tədqiqatlar nəticəsində 10 arxoloji təbəqə aşkarlanmışdır. Mağaranın 7-10-cu təbəqələri ən qədim dövrü əhatə edir və sübut edir ki buraya ilk insanlar 2 milyon il bundan qabaq ayaq basmışlar. Bu dövrə aid tapıntıların bir çox xüsusiyyəti bu tapıntıları başqa mədəniyyətlərdən fərqləndirdiyinə görə, bu mədəniyyətin müstəqil bir mədəniyyətin qalığı olması fikrini əsaslandırır və ona görə də bu tapıntılar Quruçaqy mədəniyyəti adlandırılır. Bura insanların məskunlaşması ilk təbəqələr üçün 1.5 milyon ildən 700 min ilə kimi davam etmişdir. Azıx mağarası eyni zamanda dünyada ilk ocaq izi və tikili qalıqların tapıldığı yerdir.

Azıx mağarası

10. Bakı İçəri Şəhər

Bakı Azərbaycan qədim mədəniyyət, ticarət və siyasi mərkəzlərindən biridir. Onun əlverişli coğrafi mövgeyi bu şəhərin lap qədim zamandan Qərblə Şərqi, Cənubla Şimalı birləşdirən ticarət yollarının qovuşduğu mühüm yaşayış məntəqəsinə çevirmişdir. Orta əsr Şırvan dövlət zamanı xüsusilə inkişaf etmiş Bakı ölkənin baş elm, mədəniyyət və incəsənət mərkəzlərindən biri olmuşdur. Bakının Qız Qalası, Şırvanşaxlar sarayı kompleksi, qala divarları kimi orta əsr memarlıq nümunələri YUNESCO-nun Dünya mədəni irsi siyahısına salınmışdır. Orta əsrlərdə Bakıda zərgərlik, badii tikmə, silahqayırma, daş üzrə oyma sənətləri xüsusilə inkişaf etmişdir.

İçərişəhər

11. Atəşgah

Suraxanıda yerləşən Atəşgah məbədi təxminən XVII əsrdə yerdən çıxan neft qazının yanmasını görüb buranı müqəddəs hesab edən Hind atəşpərəstləri tərəfindən tikilmişdir. Hind kahinləri hələ XIX əsrin axırlarına qədər burada ibadətlə məşğul olurdular.

Atəşgah

12. Qız Qalası

Qız qalası


Bakı şəhərində yerləşən bu qədim abidə “İçəri Şəhər”in sahilə yaxın hissəsində yerləşir. Hündürlüyü 30 m., divarlarının qalınlığı 5 m-dir. Qız qalası XII əsrdə Məsud Davud oğlu tərəfindən inşa olunmuşdur.
1960-cı illərdə restavrasiya olunan Qız qalası 1964-cü ildə muzey kimi fəaliyyət göstərməyə başlamışdır. 2000-ci ildə YUNESKO-nun abidələri siyahısına salınmışdır.

Ən məşhur kəndləri

1. Xoşbulaq kəndi, Daşkəsən

Xoşbulaq rayon mərkəzindən təqribən 7 km məsafədə yerləşir. Əvvəlki adı Xaçbulaq olan kənd müstəqilliyə qədəm qoyduğumuz illərdən sonra Xoşbulaq olaraq dəyişdirilib. Xoşbulaq kəndi və yaxud yaylağı təmiz havası, saf bulaqları ilə tanınır. Bu yaylaq əsasən gəncəlilərin dədə-babadan yurd yeri olub. Yaylaq mövsümünün başlanması ilə Xoşbulaq kəndinin camaatının gəlirləri artır. Xoşbulaqlılar bu mövsümdə evlərini kirayə verməklə, gələn qonaqlara qatıq, pendir, təndir çörəyi satmaqla dolanırlar.

Xoşbulaq kəndi, Daşkəsən

2. Hacıkənd qəsəbəsi, Gəncə

2. Hacıkənd qəsəbəsi, Gəncə


Zəngin meşə zolaqlarına sahib Hacıkənd qəsəbəsi qərb bölgəsinə istirahətə gələnlərin ən gəzməli, ən görməli məkanlarındandır. Burada bir çox istirahət düşərgələri var. Ərazidən Kürəkçayın axması buraya gələnlərin istirahəti üçün daha da əlverişli imkan yaradır.

3. Kiş kəndi, Şəki


Kənd Şəkidən 5 km uzaqlıqda Kiş çayının sahilində, dağətəyi ərazidə yerləşir. Qədim yaşayış məntəqələrindəndir. Alban tarixçisi Movses Kalankatlının “Alban tarixi” əsərində adı Kis kimi çəkilir. 7000 nəfər əhalisi olan kəndin ərazisi turizm üçün əlverişlidir. Dörd tərəfdən dağla əhatə olunan kəndin əsas hissəsi “Tat” dağının ətəyində yerləşir. Öz mənbəyini Kiçik Qafqaz sıra dağlarından götürən kəndin kənarından axan Kiş çayı meşə ilə əhatələnib.

3. Kiş kəndi, Şəki

4. İlisu kəndi, Qax


İlisu kəndi rayon mərkəzindən 12 km məsafədə, dəniz səviyyəsindən 1356-1091 metr yüksəklikdə yerləşir. Kənddən 10 km şərqdə rayonun ən hündür zirvəsi Qaraqaya dağı var. Ərazidə bütünlüklə qışı rütubətli keçən soyuq iqlim tipi hakimdir. Qarla örtülü günlərin sayı 120-160 gündür. Kənd yaxınlığında zəngin müalicə əhəmiyyətli təbii mineral sular mövcuddur. Hamamçay mineral bulağının temperaturu 40°C-dir. Bundan başqa, İlisuda Mohsu, Gözbulaq, Oğlanbulaq, Qızbulaq mineral suları da var. İlisu turistlərin ən sevimli istirahət yerlərindən biridir.

4. İlisu kəndi, Qax

5. Makov kəndi, Zaqatala


Kənddə əsasən avarlar yaşayırlar. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Balıq həvəskarları Makov kəndi ərazisində yerləşən “Forel birliyi”nə baş çəkə bilərlər. “Forel birliyi” 1978-ci ildən fəaliyyət göstərir. Buna “balıqçılıq istirahət mərkəzi” də deyirlər. Ərazidə forel balıqları yetişdirilir.

5. Makov kəndi, Zaqatala

6. Katex, Balakən


Katex kəndi Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Xaldan-Balakən magistralı üzərində yerləşən kənd ərazisində 5-7-ci əsrlərə aid Qala divarları, 17-18-ci əsrlərə aid gözətçi qüllələri və qalalar, həmçinin 18-ci əsrə aid islam elmi mərkəzi və sair tarixi-memarlıq abidəsi kimi qorunur. Kənddəki Katexçay şəlaləsi isə Azərbaycanda ən məşhur şəlalərdən biridir. Şəlalənin hündürlüyü 20 metrə yaxındır. Şəlaləyə getmək üçün Katex kəndindən keçən sərt eniş-yoxuşlarla hərəkət etmək lazımdır. Bura turistlərin ən çox üz tutduğu məkanlardan biridir.

6. Katex, Balakən

7. Lahıc qəsəbəsi, İsmayıllı


Qəsəbə Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında, dəniz səviyyəsindən 1505 m hündürlükdə yerləşir. Lahıc Girdiman çayının sahilində yerləşməklə Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur və ona təbii qala şəraiti bəxş edir. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. Lahıc qəsəbəsinin ən görkəmli abidəsi Girdiman çayının sahilindəki 72 otaqlı, 3 mərtəbəli Hacı Paşa evidir. Bu ev XVIII əsrin ortalarında 14 il müddətində, Lahıcın memarlıq üslubunun bütün komponentləri nəzərə alınaraq inşa olunub. Bu binanı Lahıc camaatı “Hacılar həyəti” də adlandırırlar.

7. Lahıc qəsəbəsi, İsmayıllı

8. Duruca kəndi, Qəbələ


Kənd Şahdağın ətəyində dörd tərəfi dağlar, sıldırım qayalar və meşələrlə əhatə olunmuş təxmini 120 evdən ibarətdir. Qəbələnin mərkəzindən 3 km məsafədə yerləşir.

9. Xınalıq kəndi, Quba


Xınalıq dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir (dəniz səviyyəsindən 2350 metr yüksəklikdə). 5000 illik tarixə malikdir. Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə yerləşir. Kəndin ətrafında çox sayda bulaqlar və mağaralar var. Kənddən 14 km məsafədə isə Şah yaylağı yerləşir.

10. Ləzə kəndi, Qusar


Ləzə kəndi Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval), dəniz səviyyəsindən 1300 m yüksəklikdə olan dağ çökəkliyində yerləşir.

11. İstisu kəndi, Masallı

İstisu kəndi, Masallı


Kənd müalicəvi suları ilə məşhurdur. Yerin altından çıxan isti suyun təbii halda temperaturu 69 dərəcə olur. Rənglərin sıxlaşdığı İstisu meşələri rayon mərkəzindən 12 kilometr aralıdadır.