Ev Turizm Xəbərləri Azərbaycanda necə hostel açmaq olar? – GƏLİR İMKANI

Azərbaycanda necə hostel açmaq olar? – GƏLİR İMKANI

Hostel

Azərbaycanın turizm təsərrüfatında ciddi dəyişiklilər başlıyıb. Artıq bazara yeni turizm obyektləri daxil olub ki, bunlardan biri də hostellərdir. Bütün dünya da böyük tələbat olan ucuz gecələmək məkanları ölkəmizdə yayılmağa başlayıb. Elə bu səbəbdəndir ki, sahibkarlar da bu sahəyə böyük maraq göstərirlər. Bəs hosteli necə açmaq olar? Bu zaman nələrə diqqət yetirmək lazımdır? Bu sahədəki kiçik araşdırmamız gələcək hostel sahiblərinə faydalı ola bilər.

Lisenziya və ya icazə lazım deyil

Əvvəla qeyd edək ki, hostel açmaq üçün heç bir qurumdan icazə və ya lisenziya almaq tələb olunmur. Əvvəllər bu qayda var idi, amma sonradan dövloət başçısının qərarı ilə bir sıra sahələrdə olduğu kimi, turizm obyektlərinin fəaliyyəti üçün tələb olunan lisenziya da ləğv edildi. Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov bildirir ki, hazırda belə obyektləri heç bir lisenziya olmadan açıb işlətmək olar.

Hostellər harada olmalıdır?

Hostellər böyük tələbatı olmayan insanların qısa müddətdə rahat gecələməsi üçün nəzərdə tutulub. Ona görə də, onların şəhərin mərkəzində açılması daha məqsədə uyğundur. Azərbaycandakı bəzi hostellərin sahibləri də etiraf edir ki, şəhərin mərkəzindən kənarda hostel açmaq sərfəli deyil, turistlər onlara maraq göstərməyəcək. Ona görə də hosteli şəhərin mərkəzində açmaq əsas şərtlərdəndir. Hətta mərkəzdən kənarda evi nisbətən ucuz qiymətə kirayələmək mümkün olsa da, sahibkarlar mərkəzə üstünlük verirlər.

Vergi necə ödənilir?

Hostel sahibləri də digər sahibkarlar kimi, vergini adi qaydada ödəyirlər. Bunu üçün vergi ödəyicisi kimi qeydiyyata durub VÖİN almaq və sadələşdirilmiş ödəyici kimi qeydiyyatdan keçmək lazımdır. Verginin məbləği ümumi dövriyyənin 4%-i qədərdir, rayonlarda isə dövriyyənin 2%-i qədər vergi ödənilir.

Neçə otaq olmalıdır?

Gələcək hostel sahibləri ilə öz təcrübəsini bölüşən sahibkarlar bildirir ki, hosteldə ən azı 5 otağın olmasını məqsədə uyğundur. Mühüm məqamlardan biri burada iki nəfərlik və tək nəfərlik otaqların da olmasıdır. Otaqlar səliqəli və yaxşı təmirli olmalıdır. Turistlər burada qısa müddətə qalsalar da, təmizliyi və səliqəsahmanı sevirlər. Həm də unutmaq lazım deyil, onlar hostel barədə təəssüratlarını bölüşürlər. İstənilən mənfi rəy, hostelin müştərilərinin sayını azaldacaq.

Qiymətlər nə qədər olmalıdır?

Bütün dünyada olduğu kimi, Azərbaycanda da hostellərdə gecələmə qiyməti hotellərdən xeyli aşağıdır. Bakı və regionlarda qiymətlər adambaşına 10 manatdan başlayır. Doğrudur bəzi xidmətləri də əlavə edəndə qiymətlər 25 manatadək qalxa bilər. Amma hostel açmaq istəyənlər buranın potensial qonaqlarının gənclər və qənaətcil kütlə olduğunu nəzərə almalıdırlar. Ona görə də qiymətlərin 10-20 manat arasında dəyişməsi məqsədə uyğundur.

Hosteldə neçə işçi olmalıdır?

İşçilərin maaşı hosteldə ən çox xərc aparan məsələlərdən biridir. Sahibkarlar bildirir ki, burada cəmi 2 işçinin olması kifayətdir. Onlar həm qonaqlar üçün səhər yeməyi hazırlamaq, həm də təmizlik işlərinin öhdəsindən gələ bilirlər. Üstəlik, əksər hostellərdə işçilərə daimi maaş verilmir. Onlara yalnız xidmət haqqı olaraq görülən işə görə pul ödənilir.

Hostelin aylıq xərci nə qədərdir?

Aylıq xərclərə gəlincə isə əgər hostelin yeri kirayə götürülməyibsə, yəni sahibkarın öz evidirsə, onda 3 ay ərzində təxminən 350 -400 manat xərciniz çıxa bilər. Bölgələrdə bu qiymət ayda 200-250 manatdır. Bu məbləğə vergi ödənişiniz, kommunal xidmətlət və təmizlik işinə xərclənən pullar daxildir. Qeyd edək ki, aylıq xərc müxtəlif məsələlərdən, o cümlədən, mövsümdən və qonaqların sayından asılı olaraq dəyişir. Qonaq nə qədər çox olarsa gəlir də xərc də çoxalır. Hərçənd, istinalən halda hostel sahibləri qənaətbəxş məbləğdə gəlir əldə edirlər.

Ən sərfəlisi xarici qonaqlardır

Formal olaraq hostellərdə bütün insanlar qala bilsə də, hostel sahibləri etiraf edir ki, onlar əsasən xarici qonaqlara üstünlük verirlər. Bəzilərində isə yerlilərin qəbulu ümumiyətlə qadağandır. Səbəbi, onların daha imkanlı olması, eləcə də hostel mədəniyyəti ilə daha yaxşı tanış olmalarıdır. Digər tərəfdən, xarici qonaqlara üstünlük verilməsi hostelin xarici qonaqlar arasında daha populyarlaşmasına və deməli potensial müştərilərinin artacağına səbəb olacaq.

Bakı hostellərinin qonaqlarına gəlincə, ən çox qonaq  Almaniya, Hollandiya, Böyük Britaniya, İtaliya, Rusiya və gəlir.

Hostel sahibi: «İşə başlamazdan əvvəl hostellərdə qalmışam»

Hostel anlayışı yeni olduğuna görə, bu sahədə biznesə başlayan iş adamları buradakı vəziyyəti müxtəlif üsullarla araşdırıblar. Məsələn, «Bayqan» hostelinin sahibəsi Arzu Bayramova bildirib ki, hostel açmamışdan əvvəl ölkəmizdəki bir neçə hostellə maraqlanıb, hətta belə hostellərdə qalıb da.

Gələcək hostel sahibləri ilə öz təcrübəsini bölüşən Arzu Bayramova azı 5 otağın olmasını məqsədəuyğun sayır. İşçilərin sayına gəlincə isə iki nəfər işçi kifayətdir.

«Bayqan» hosteldə adambaşına qiymət 10-25 manat arasında dəyişir, Həmçinin burada yalnız əcnəbilərin gecələməsinə icazə verilir. Hostelin qonaqlarına gəlincə isə Arzu Bayramova hosteldə  ən çox Almaniyadan,İtaliyadan və Rusiyadan olan turistlərin qaldıqlarını söylədi.

Hostel sahibi: «Turistlər mərkəzə üstünlük verirlər»

Gəncədə yeni işə başlayan «Old Ganja Hostel»in sahibi Elvin Əliyev hostelin şəhər mərkəzində olmasını məqsədə uyğun sayır, çünki turistlər mərkəzdə qalmağa meyllidirlər. Hazırda hostel üçün yeri kirayə götürdüyünü bildirən sahibkar deyir ki, şəhər mərkəzindən bir neçə yüz metr məsafədə hostel açmaq üçün daha ucuz imkanlar var. Amma turistlərin tələbatına görə, hosteli şəhərin mərkəzində açmağa üstünlük verib. Gəncə hostelinin sahibi qeyd etdi ki, əsas diqqət veriləsi məqamlardan biri də hosteldə iki nəfərlik və tək adamlıq otaqların da olmasıdır. Belə hostelə xidmət üçün iki nəfərin olması kifayətdir.

Old Ganja Hostel”nin sahibi bildirir ki, mövsüm və müştərilərin sayından asılı olaraq xərclər artır. Qeyd edək ki,“Old Ganja Hostel” gecələmək 16-40 manat arasında dəyişir.

Hostel sahibi: «Gəlir qənaətbəxş səviyyədədir»

Artıq bir neçə ildir ki, fəaliyyət göstərən «Baku Old City Hostel»inin sahibi Mikayl Əliyev bildirib ki, hostel açmaq üçün əvvəlcə bu sahə ilə yaxşıca maraqlanıb. Mikayl Əliyevin sözlərinə görə ölkəmizə gələn turistlərin əksəriyyəti paytaxtdakı hostellərə üstünlük verir. Məsələn, ötən il «Baku Old City Hostel»də ən çox Hollandiya vətəndaşları, bu il isə Böyük Britaniyadan olan turistlər qalıb. “Baku Old City Hostel” gecələmək 18-25 manat arasında dəyişir.