PAYLAŞ
turizm

“Bu gün Azərbaycanda turizm sənayesində vəziyyət acınacaqlıdır. Artıq 2020-ci ilin yeddinci ayındayıq, lakin koronavirus pandemiyasına görə bu il ancaq iki ay iş oldu”.  

Gezmeli.az Reporta istinadən xəbər verir ki bu barədə Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirib.

O xatırladıb ki, ölkədə koronavirus pandemiyasına görə hotellər fəaliyyət göstərmir, müştərilər yoxdur: “İaşə sektorunda da vəziyyət ürəkaçan deyil. Restoranlarda çatdırılma və yerində sifariş fəaliyyət göstərir. Bu xidməti müştərilərə təklif edənlər bazarda mövcudluğunu qoruyub saxladılar. Lakin yenə də məhdud sayda işçilərlə fəaliyyət göstərirlər”.

S.Dübəndi qeyd edib ki, ölkədə daxili turizmi inkişaf etdirmək lazımdır: “Biz ölkə vətəndaşlarımızı yaddan çıxarmışıq. Əsasən xaricdən turist gətirməyə fokuslanmışdıq. Lakin vətəndaşlarımızın diqqətini ölkədə fəaliyyət göstərən hotellərə, termal sanatoriyalara cəlb etməliyik”.

“Mən həmçinin Ekoturizm Assosiasiyasının icraçı direktoruyam. Assosiasiya ölkədə daxili turizmi inkişaf etdirmək üçün bir sıra işlər, tədqiqatlar aparır. Bununla yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə milli parkların resurslarının, infrastrukturunun artırılması istiqamətində  işləyirik. Ölkədə müxtəlif istiqamətlərdə 10 milli park yaradılıb. Milli parkların yaradılması turizm fəaliyyətlərinin inkişaf etdirilməsi üçündür. Ekoturizm, ekstremal turizm, aqro turizmin inkişafı istiqamətində işlər görülür. Məqsədimiz post- pandemiya dövrüdə daxili turizmin inkişafıdır”, – o əlavə edib.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında bildirilir ki, koronavirus (COVID-19) pandemiyasının təsiri ilə dünya turizm sektorunun itkiləri bu ilin sonuna qədər 1,2 trilyon ABŞ dollarına yüksələ bilər: “Bu il qlobal turizmin itkiləri qlobal ümumi daxili məhsulun (ÜDM) 1,5%-ə qədər olacaq. Beynəlxalq turizmdə məhdudiyyətlər 2021-ci ilin mart ayına qədər davam etsə, sektorun itkiləri 3,3 trilyon ABŞ dollarına (qobal ÜDM-nin 4,2%-nə) yüksələcək”.