PAYLAŞ
Bələdçi kitabı

Dekabrın 25-də “Qızıl kitab” nəşriyyatında rus dilində ”Azərbaycan. Mədəniyyət və tarix” ( «Азербайджан. Культура и история») adlı yeni bələdçi kitabı çapdan çıxıb. Azərbaycan tarixinin əsas səhifələri, milli mədəniyyətin və mətbəxin xüsusiyyətləri, görməli məkanlar barədə informasiyanın verildiyi kitab tətbiqi əhəmiyyət daşıyır. Kitabda müxtəlif ekspertlər tərəfindən yaradılmış 20 ətraflı xəritə təqdim edilib. Bu xəritələrin köməyi ilə Azərbaycanın müxtəlif guşələrinə səyahət etmək üçün marşrut tərtib etmək olar.

Bələdçi kitabı

Kitaba Daş dövründən tutmuş zəmanəmizə qədər müxtəlif dövrləri əhatə edən “Tarix”, folklor və xalq sənətkarlığından danışan “Mədəniyyət”, habelə “Dini mənsubiyyət”, “Azərbaycan və Böyük İpək Yolu” və bir çox digər bölmələr daxildir.

Nəşrin böyük bir hissəsi Bakının və Azərbaycanın 20 koloritli bölgəsinin, o cümlədən Dağlıq Qarabağın bəzi şəhərlərinin turizm imkanlarının geniş şərhinə həsr olunub. Kitabda Azərbaycan regionlarının iqlim xüsusiyyətləri, təbii sərvətləri, burada yaşayan xalqların mədəniyyəti, əsas memarlıq abidələri barədə informasiya, turistlərə tövsiyələr təqdim edilib. Regionlar barədə məlumat rəngarəng şəkillər və müfəssəl xəritələrlə müşayiət olunur. Bələdçi kitabında Abşeron yarımadası (o cümlədən Qobustan qoruğu, Nardaran, Mərdəkan, Qala və s.), Quba, Qax, Qəbələ, Gəncə, Şamaxı, Naxçıvan və Azərbaycanın digər bölgələri barədə indiyədək az məlum olan maraqlı məlumatlar əldə edə bilərsiniz.

Bələdçi kitabı

Yeni bələdçi kitabı həm doğma diyara daha yaxından bələd olmaq istəyən azərbaycanlılar, həm də Azərbaycana ilk dəfə, eləcə də dəfələrlə gəlmiş və müstəqil ekskursiya planlaşdıran səyyahlar üçün maraqlı və faydalı olacaq.

“Azərbaycan. Mədəniyyət və tarix” bələdçi kitabını Bakı Kitab Mərkəzində, Azərbaycan Xalça Muzeyində və bir sıra kitab mağazalarında almaq olar. Yaxın vaxtlarda kitabı ingilis və ərəb dillərində də nəşr etmək planlaşdırılır.