Ev Turizm Xəbərləri Azərbaycandakı əlverişli biznes və investisiya mühiti pakistanlı iş adamları üçün geniş imkanlar...

Azərbaycandakı əlverişli biznes və investisiya mühiti pakistanlı iş adamları üçün geniş imkanlar açır

Azərbaycan-Pakistan

Ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühiti pakistanlı iş adamları üçün geniş imkanlar açır.

Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat Nazirliyinin və Pakistanın Sərhəd Ticarət və Sənaye Palatasının dəstəyi ilə Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, enerji, sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, əczaçılıq, turizm və sair məhsulların istehsalı sahəsində fəaliyyət göstərən 150dək sahibkar iştirak edib.

Tədbirdə AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, indiyədək hər iki tərəfdən işgüzar dairələrin iştirakı ilə biznes forum və işgüzar görüşlər keçirilib. Bununla yanaşı, 2017-ci ildə Pakistana ixrac missiyası təşkil olunub. Bu ilin aprelində Bakıda Azərbaycan, Türkiyə və Pakistan şirkətlərinin məhsullarından ibarət sərgi keçirilib. Belə tədbirlərin təşkili Azərbaycan-Pakistan iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyətli rol oynayır.

Y.Abdullayev pakistanlı iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes mühit və investisiya imkanlarından yararlanmağa, azərbaycanlı həmkarları ilə əlaqələri genişləndirməyə dəvət edib.

Pakistanın Xeybər Paxtunxva Əyalət Assembleyasının sədri Müştaq Əhməd Qani ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühitinin pakistanlı iş adamları üçün geniş imkanlar açdığını qeyd edib, iqtisadi-ticarət sahəsində əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlıq məsələləri müzakirə olunub.