PAYLAŞ
Otellər

Bu ilin yanvar-iyun aylarında Azərbaycan üzrə mehmanxanalarda 1 327,5 min gecələmə keçirilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur. Gecələmələrin 63,3%-i Bakıda, 8,7%-i Qəbələdə, 4%-i Naftalanda, 3,9%-i Qubada, 3,8%-i Qusarda, 3,4%-i Naxçıvan Muxtar Respublikasında, 1,6%-i Xaçmazda, 1,3%-i Mingəçevirdə, hər birində 0,9% olmaqla Qax və Gəncədə, 8,2%-i isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Dövlət Statistika Komitəsinə verdiyi məlumata görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı dəyişib. Əvvəlki ilin müvafiq dövrünə nisbətən 2% artaraq 954,2 min olub. Bu da ümumi gecələmələrin 71,9%-ni təşkil edir. Gecələmələrin 12,9%-i Birləşmiş Ərəb Əmirlikləri, 12,2%-i Rusiya, 8,7%-i Səudiyyə Ərəbistanı, 5,9%-i Hindistan, 5,6%-i İsrail, 5,4%-i Türkiyə, 5%-i İran, 3,8%-i Böyük Britaniya, 3,3%-i Küveyt, 2,1%-i ABŞ, 2%-i Pakistan, 1,9%-i Qətər, hər biri üzrə 1,5% olmaqla Qazaxıstan və İraq, 1,3%-i Çin, 1,2%-i Almaniya, 25,7%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Hesabat dövründə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,6%-i Bakı şəhərində, 7,9%-i Qəbələdə, hər birində 3,4% olmaqla Naxçıvanda və Naftalan şəhərində, 3%-i Qubada, 2,1%-i Qusarda, 2,6%-i isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan Respublikası vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 5,5% artaraq 373,3 minə çatıb.

Cari ilin birinci yarısında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4% çox və ya 187,7 mln. manat olub. Onun da 66,1%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,8%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 2,7%-i müalicə və sağlamlıq xidmətlərindən, 6,4%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Bu ilin yanvar-iyun aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 21,6% təşkil edib. Bu göstərici Şabranda 48,6%, Naftalanda 47,9%, Bakıda 32,9%, Beyləqanda 30,9%, Qəbələdə 28,2%, Qubada 24,5%-dir. Digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (31,7%) iyun ayında qeydə alınıb.