PAYLAŞ
turizm

“Həm daxili turistlər, həm də xaricə səyahət edən turistlər müxtəlif fors-major hallar və təhlükələrlə qarşılaşdıqları üçün turizm şirkətləri səyahət etmək istəyənləri məcburi sığortalamalıdır”

İstirahəti mənalı və maraqlı keçirmək hər birimizin arzusudur. Ancaq səyahət zamanı təhlükəsizliyi də düşünmək önəmlidir. Fərqli şəhər, başqa iqlim şəraiti, fərqli hava… Qaçılmaz qəzalar hər zaman insanı yaxalaya bilər. Heç kim başına gələcəklərdən sığortalanmasa da, turizm və sığorta şirkətləri səyahətə gedənlərə səfər sığortasını təklif edir. Təəssüflər olsun ki, insanlar cüzi məbləği ödəməmək üçün sığortadan imtina edirlər. Müşahidələr göstərir ki, ölkədaxili səfər sığortasına maraq kəskin azalıb. Üstəlik, 1-2 manat qiyməti olan bu səyahət sığortasını heç şirkətlərin özləri təklif etməkdə maraqlı deyil. Baxmayaraq ki, il ərzində təxminən 1 milyon insan regionlara səfər edərək istirahət edir. Mütəxəssislər, xarici turlarda olduğu kimi, daxili səfərlərdə də turistlərin sığortalanmasını vacib hesab edir Araşdırmalar göstərir ki, daxili səfərlər zamanı yerli turistlərin sığortalanması əksər hallarda həyata keçirilmir. Baxmayaraq ki, aktiv istirahət edənlər, ovçuluq, ekstrim səyahətə üstünlük verənlərin xəsarət alma ehtimalları yüksəkdir. Turizm sahəsi üzrə ekspert Elçin Rüstəmovun sözlərinə görə, Azərbaycanda ölkədaxili səyahətə gedənlər özlərini sığortalamır. Bu tendensiya uzun müddətdir ki, davam edir. Sığorta agentlikləri daxili səfərlər zamanı səfər sığorta paketləri təqdim etməkdə elə də maraqlı olmurlar:“Xarici turlarda isə vəziyyət fərqlidir. Avropa ölkələrinə səyahət edən turistlər birmənalı olaraq sığortalanır. Bu həmin ölkələr tərəfindən turistlərin qarşısına qoyulan birbaşa tələbdir. Ümumiyyətlə, həm daxili turistlər, həm də xaricə səyahət edən turistlər müxtəlif fors-major hallar və təhlükələrlə qarşılaşa bilər. Buna baxmayaraq, ölkənin regionlarına səfər edən turistlər arasında sığortalananların sayı olduqca azdır. Turistlər səfər zamanı onların səhhətinə, əşyalarına vurulan hər hansı ziyanla və yaxud digər şəxslərə eytiyyatsızlıqdan vura bildikləri zərərlə uzləşdiyi zaman həm özlərinə, həm də turizm agentliyinə, nəqliyyat şirkətinə, yerləşdiyi otelə problemlər yarada bilər. Bu risqlərin aradan qaldırılması üçün regionlara səfərə gedənlər belə sığorta olunmalıdır”.