PAYLAŞ
Azərbaycan və İndoneziya

Azərbaycanın şəhərləri ilə İndoneziyanın Banten əyaləti arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

İndoneziyanın Banten əyalətinin paytaxtı Seranq şəhərinə işgüzar səfər edən Azərbaycanın bu ölkədəki səfiri Cəlal Mirzəyev şəhərin meriyasında olub. Əyalətin təhsil və mədəniyyət sahələrinin rəhbər şəxsləri ilə bir sıra görüşlər keçirib.

Şəhərin meri Syafruddin ilə keçirilən görüş zamanı qarşı tərəfə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, multikulturalizm ənənələri, habelə iqtisadi inkişafı və ölkəmizdə həyata keçirilən islahatlar, o cümlədən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə ətraflı məlumat verilib. Səfir Azərbaycan ilə İndoneziya arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Mövcud dini və mədəni oxşarlıqların möhkəm dostluq əlaqələrinin inkişafı üçün yaxşı zəmin yaratdığını deyib.

Səfərə görə təşəkkürünü bildirən Syafruddin Azərbaycan ilə tarixi və mədəni oxşarlıqların mövcudluğundan məmnunluq duyduğunu ifadə edib. Seranqın Azərbaycan şəhərləri ilə regionlararası əməkdaşlığa hazır olduğunu vurğulayan mer, həmçinin turizm sahəsində ölkəmiz ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə Azərbaycan şəhərləri ilə Seranq arasında mədəniyyət, turizm, o cümlədən dini turizm və digər sahələrdə əməkdaşlıq imkanları ətraflı müzakirə edilib.

Azərbaycan səfirinin Seranq şəhərinə səfəri İndoneziyanın nüfuzlu mətbu orqanlarından olan “Respublika” qəzetində və yerli “Banten News” qəzetində geniş işıqlandırılıb.