PAYLAŞ
Turizm

Səyyar qəbuldan sonra iştirakçılar və rayon rəhbəri Ziyəddin Əliyev dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən Buduq kəndi ilə ətraflı tanış olublar. Küçə boyu görünən sakinlərlə görüşüblər. Qədim evlərə, dağ massivinə baş çəkərək səfalı mənzərənin, əsrarəngiz təbiət lövhələrinin gözəlliyini şahidi olublar. Dəniz səviyyəsindən 2800 metr hündürlükdə yerləşən, buduqluların milli dillərində “Caf“adlandırdığı (mənası rütubət, nəmişlik) ərazidə mətbuat nümayəndələrinə müsahibə verən Ziyəddin Əliyev bu qədim kəndin turizm potensialının çox yüksək olduğunu deyib. IstiPress-ə açıqlamasında Quba icra başçısı Ziyəddin Əliyev bu dağ kəndində gördüklərindən çox böyük ləzzət aldığını və buradan hər tərəfin – hətta Dərbənd qalasının da göründüyünü söyləyib:

“Azərbaycanın hər guşəsi gözəldir. Buduq kəndi həqiqətən çox möhtəşəm, unikaldır. Mən buradakı yüksəklikdən Xəzər dənizini, Xaçmazı, Qusarı, hətta Dərbənd qalasını aydınca gördüm. Hava açıq olanda hər yer adamın ovcunun içi kimi təmiz görünür”.

Ziyəddin Əliyev hesab edir ki, Buduq kəndi Quba üçün yeni turizm marşrutu sayıla bilər. Burada turizmin hərtərəfli inkişafı üçün imkan olduğunu bəyan edən cənab Əliyev dövlət başçısı İlham Əliyevin ölkədə yeni turizm ocaqlarının salınmasında çox maraqlı olduğunu, yerlərə məhz onun xüsusi tapşırığı ilə səfər etdiklərini qeyd edib. Kəndin yolu hazır olduqdan sonra burada müasir turizm obyektlərinin inşa edilməsi üçün iş adamlarına münbit şərait yaranacağını söyləyib:

“Buduq kəndinin məşhur turizm zonası kimi tanınmasına çalışmalıyıq. Mən rayon rəhbəri kimi müəyyən məsələlərdə bu sahəyə diqqət ayıracaq iş adamlarına köməklik etməyə hazıram.”