PAYLAŞ
turizm

Londonda turizm üzrə “City Nation Place Global” (Şəhər Millət Məkan Qlobal) forumu keçirilib. Azərbaycanın “Bir daha bax” ( Take another look ) şüarına əsaslanan turizm brendi forumunda mükafata layiq görülüb.

Müxtəlif regionlardan olan 24 nominant ölkə arasında 5 kateqoriya üzrə müsabiqə keçirilib. Azərbaycanın ölkə turizm brendi “Dizaynın ən yaxşı istifadəsi” nominasiyası üzrə qalib olub.

Müsabiqənin nəticələri Böyük Britaniyanın “City Nation Place” adlı tədbirlər və marketinq üzrə ixtisaslaşmış nüfuzlu təşkilatı tərəfindən hər il “Dünya Səyahət Bazarı” sərgisi ərəfəsində keçirilən qlobal forumda elan olunub. Artıq beşinci ildir ki, forum dayanıqlı turizmi inkişaf etdirmək məqsədi ilə keçirilir. Daha çox insanı bu prosesə cəlb etmək məqsədi ilə dünya turizm sənayesinin iştirakçılarını bir araya toplayır.

Xatırladaq ki, müxtəlif ölkə və regionların brend, marketinq, kommunikasiya üzrə turizm məhsulları arasında keçirilən müsabiqədə “Dizaynın ən yaxşı istifadəsi” nominasiyası məkanın brend strategiyasının araşdırılması, kreativ yanaşma, hədəf auditoriya ilə iş və s. kimi xüsusiyyətlər nəzərə alınaraq verilir.

Azərbaycan turizminin qlobal bazarda tanıdılması üçün hazırlanan yeni turizm brendinin əsas simvolları bir-biri ilə əlaqəli şəkildə yeni loqo və şüar təqdim olunub. Dünyanın brendinq üzrə tanınmış şirkəti “Landor” tərəfindən hazırlanıb. Yeni brendin beynəlxalq ictimaiyyətə təqdimatı 2018-ci ilin noyabrında Londonda keçirilən “Dünya Səyahət Bazarı” sərgisində baş tutub.