PAYLAŞ
turizm

Azərbaycanın turizm imkanları Türkiyədə nümayiş etdirilir

Turizmplus.az xəbər verir ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmiz “EMİTT 2019” “Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi”ndə iştirak edir.

İstanbul şəhərində keçirilən sərgi fevral ayının 3-dək davam edəcək.

Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Hava Yolları, Heydər Əliyev Hava limanı ilə yanaşı müxtəlif turizm şirkətləri və hotellər iştirak edir. 70 kv. metrlik stenddə Azərbaycanın turizm potensialını əks etdirən foto və video çarxlar nümayiş etdirilir, broşürlər paylanılır.

Sərgi çərçivəsində müxtəlif ölkələrin nümayəndələri ilə ikitərəfli işgüzar görüşlər keçirilir.

Sərgidə Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Azərbaycan stendini ziyarət edib. Azərbaycan Turizm Bürosunun Beynəlxalq bazarlar departamentinin rəhbəri Sevinc Zeynallı iki ölkə arasındakı cari turizm əlaqələri barəsində nazirə məlumat verib. Öz növbəsində Mehmet Nuri Ersoy Türkiyə və Azərbaycan arasında turizm əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb və hər kəsə uğurlar arzulayıb.

1997-ci ildən etibarən hər il keçirilən “EMİTT” sərgisi dünyanın beş ən böyük turizm sərgisindən biri hesab olunur. Keçən il sərgidə dünyanın 85 ölkəsindən 1065 turizm şirkəti təmsil olunub və sərgi ümumilikdə 54000-dən çox ziyarətçi qəbul edib.

Ölkəmiz 2003-cü ildən etibarən sözügedən sərgidə iştirak edir.