Ev Turizm Xəbərləri Azərbaycanın turizm xidmətləri üzrə ixracı idxalını üstələyib

Azərbaycanın turizm xidmətləri üzrə ixracı idxalını üstələyib

turizm

2019-cu ilin 1-ci yarımilliyi üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 1.9 dəfə azalıb. 1.5 mlrd. dollar təşkil edib.

Bu, Mərkəzi Bankın 2019-cu ilin 1-ci yarımilliyi üzrə Azərbaycan Respublikasının Tədiyyə Balansı ilə bağlı açıqlamasında bildirilir.

Açıqlamada qeyd edilib ki, hesabat dövrü ərzində turizm xidmətləri üzrə ixracın (777 mln.dollar) idxalı (747 mln.dollar) üstələməsi nəticəsində 30 mln. dollar həcmində profisit yaranmışdır. 2019- cu ilin 1-ci yarımilliyi ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən ilin müvafiq dövrünə nisbətən 25.8%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 6.6% artmışdır.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyərinin 89.1%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür.

XİDMƏTLƏR BALANSINDA KƏSİR ARTIB

2019-cu ilin 1-ci yarımilliyi üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 4.6 mlrd.dollar təşkil etmişdir. Bunun 2.9 mlrd.dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1.7 mlrd.dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Nəticədə xidmətlər balansında yaranan kəsir ötən ilin müvafiq dövrünə nisbətən 30.5% artaraq 1.2 mlrd.dollar olmuşdur.