PAYLAŞ
viza

“Dövlət Turizm Agentliyi olaraq daha çox ölkə ilə viza məsələlərinin sadələşdirilməsində, vizasız ölkələrin coğrafiyasının genişləndirilməsində maraqlıyıq”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə deyib.

O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında viza rejiminin 2019-cu ilin iyul ayından yüngülləşdirilməsindən sonra ölkəyə gələn Türkiyə vətəndaşlarının sayı artıb. Lakin bu ilin yanvar-fevral aylarını çıxmaq şərti ilə ölkəyə turist gəlmir:

“Təbii ki, viza rejiminin ləğv edilməsi ölkələr arasında gəliş-gedişin artmasına təkan verir. Bu, bütün dünya üzrə belədir”.

Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Türkiyə ilə Azərbaycan arasında viza rejimi tam aradan qaldırıla bilər və iki ölkə arasında münasibətlər buna imkan verir.

Azərbaycan Turizm Bürosunun Avropa ölkələri üzrə regional meneceri Xədicə Nəsirova Oxu.Az-a bildirib ki, Azərbaycanın 2019-cu ildə Türkiyə ilə vizaları ləğv etdiyindən sonrakı dövr ərzində Türkiyədən Azərbaycana gələn turistlər ortalama 17 faiz artıb. Bu, onun göstəricisidir ki, viza rejiminin aradan qaldırılması Türkiyədən Azərbaycana turist axınına qısa müddət ərzində kifayət qədər müsbət təsir göstərib:

“Nəzərə alsaq ki, səyahət planlaması müəyyən vaxt alır, bu rəqəm artımda yüksək say göstəricisidir. Viza sisteminin ümümiyyətlə ləğv edilməsi isə insanlarda qonşu ölkə haqqında daha pozitiv maraq yaradacaq, həm biznes əlaqələrin, həm də gəlmə turizmin müxtəlif sahələrinə müsbət təsirini göstərəcək. Qeyd edim ki, hazırda Türkiyədən turist gəlişi yoxdur”, – deyə o əlavə edib.

Qeyd edək ki, 2019-cu ilin 1 sentyabr tarixindən etibarən Azərbaycan Respublikası Türkiyə vətəndaşları üçün viza tələbini ləğv edib. Bu, 30 günədək müddətə səfər etmək istəyən Türkiyə vətəndaşlarına şamil edilib.