Ev Turizm Xəbərləri Azərbaycanlı aşpazlar beynəlxalq qastronomiya festivalından diplom və medallarla qayıdıblar

Azərbaycanlı aşpazlar beynəlxalq qastronomiya festivalından diplom və medallarla qayıdıblar

turizm

Noyabrın 26-da Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) Türkiyədə Dənizli Gənc Aşçılar Dərnəyi tərəfindən təşkil olunan “Gastro World Master Chefs” adlı beynəlxalq qastronomiya festivalı çempionatı ilə bağlı mətbuat konfransı keçirib.

AMKM-nin baş direktoru Tahir Əmiraslanov festival barədə məlumat verib. Bildirib ki, festivalda 15 ölkədən (Azərbaycan, Rusiya, Almaniya, Israil, Suriya, Sloveniya, Serbiya, İsveç, Fələstin, İraq, Türkiyə, Yunanıstan, Qana, İsveçrə, Makedoniya) 400 aşpaz iştirak edib.

turizm

Qeyd edib ki, ölkəmizi Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü aşpaz Ruslan Şıxıyevin rəhbərliyi altında “Qafqaz” otellər şəbəkəsinin işçiləri təmsil edib.

T.Əmraslanov vurğulayıb ki, AMKM-nin komandası ümumilikdə 7 qızıl, 2 gümüş, 2 bürünc medalı qazanıblar. Qara qutu yarışmasında komanda qızıl medal əldə edib. R.Şıxıyev münsiflər heyətində iştirak edib.

Bildirib ki, Türkiyədə Dənizli şəhərində keçirilən bu kulinariya çempionatında, eyni zamanda, Azərbaycan Aşpazlar Gildiyasının komandası da iştirak edib. Ölkəmiz ümumilikdə bu çempionatdan 11 qızıl, 3 gümüş, 6 bürünc medal 1 kubokla geri dönüb.

Noyabrın 16-dan 21-dək Rumıniyanın Sibiu şəhərində “Ənənəvi toy süfrəsi” Kulinariya Ənənələri Konqresində iştirak edən AMKM-nin baş direktor müavini Ceyran Əsgərova və Milli Kulinariya Assosiasiyasının üzvü, “Monte Napoleone” restoranının baş aşpazı Hüseyn Quliyev tədbirlə bağlı məlumat veriblər. Qeyd edilib ki, konqresdə C.Əsgərova “Azərbaycan milli toy süfrə mədəniyyəti” adlı məruzə ilə çıxış edib, H.Quliyev isə ənənəvi toy xörəklərini hazırlayaraq milli toy süfrəsi açıb.

turizm

C.Əsgərova söyləyib ki, hazırlanan milli xörəklərimiz tədbir iştirakçılarının böyük marağına səbəb olub. “Ramada” Sibiu otel restoranının baş aşpazı milli mətbəx nümunəmiz olan şah plovun hazırlaması texnologiyasını istəyib və otelin restoranında menyuya salınacağına söz verib.

Qeyd edib ki, tədbirdə 25 ölkənin nümayəndələri tərəfindən toy ənənələrini əks etdirən süfrələr təqdim olunub və cıxışlar dinlənilib. Komandamız diplomlar və qızıl medalla təltif edilib.

Tədbir iştirakçıları göstərilən dəstəyə görə, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə və “Monte Napoleone” restoranının rəhbərliyinə təşəkkürlərini bildiriblər.