turizm

2017-ci ilin avqust ayında Qətər Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib. Yeni qaydaya əsasən, hazırda 30 günədək səfər üçün viza tələb olunmur

Qətərin Azərbaycandakı Səfirliyi bu ölkənin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edib. Sputnik Azərbaycan xəbər verir ki, dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, diplomatik korpusun, ictimaiyyət təmsilçilərinin iştirak etdiyi tədbirdə öncə hər iki ölkənin himni səsləndirilib.

Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah əl-Hinzab ölkəsinin keçdiyi tarixi inkişaf yolundan söz açıb. Onun sözlərinə görə, Qətər qısa müddətdə regionda özünə layiqli yer tutub.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov çıxış edərək, bildirib ki, Qətər təhsil, mədəniyyət və iqtisadi sahələrdə uğurlar qazanıb.

Onun sözlərinə görə, Azərbaycan Respublikası və Qətər Dövləti arasındakı dostluq münasibətlərinin xoş ənənələri mövcuddur.

“Hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinə söykənən bu münasibətlər sürətlə inkişaf edir. Dövlət başçılarının son illərdə reallaşdırılmış qarşılıqlı səfərləri ölkələrimiz arasında dostluq münasibətlərinin genişlənməsinə xüsusi təkan verib. Bu kontekstdə, 2016-cı ildə dövlət başçılarının qərarı ilə Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması ikitərəfli əlaqələrin inkişafı və sosial-iqtisadi həyatın müxtəlif sferalarını əhatə etməsi baxımından müdrik uzaqgörənliklə atılmış addımdır”, – deyə o xatırladıb.

Nazir Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Qətər Dövlətinin uyğun qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıqdan bəhs edərək, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, Qətər Dövləti ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələr 14 sentyabr 1994-cü il tarixində yaradılıb. 2007-ci ildə Azərbaycan Respublikasının Dohada, Qətər Dövlətinin isə Bakıda səfirliyi fəaliyyətə başlayıb. Bu gün Qətərdə təxminən 350 azərbaycanlı yaşayır. Hansı ki, ölkəmizin Dohadakı səfirliyinin konsulluq şöbəsində 81 azərbaycanlı qeydiyyatdan keçib. Qətərdə yaşayan həmvətənlərimiz, əsasən neft və qaz, tibb, turizm və digər biznes sahələrində fəaliyyət göstərirlər. Azərbaycanlılar əsasən paytaxt Dohada yaşayırlar.

2017-ci ilin avqust ayında Qətər Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib. Yeni qaydaya əsasən, hazırda 30 günədək səfər üçün viza tələb olunmur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin