Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) Azərbaycanın milli aviadaşıyıcısının turizm agentləri üçün avqustun 1-dən etibarən mövcud istiqamətlər üzrə aviabilet satışı hüquqlarını bərpa etməsini nəzərə alaraq turizm şirkətlərinə müraciət edib.
Qurumun İdarə Heyətinin sədri Rüfət Hacıyev koronavirus pandemiyası (COVID-19) təhlükəsinin həm Azərbaycanda, həm də dünyanın əksər ölkələrində verdiyi zərərlərdən danışıb. Turizm şirkətlərini gələcək fəaliyyətlərində işçi personalının, eyni zamanda ölkə vətəndaşlarının sağlamlığının qorunmasına xüsusi diqqət yetirməyə və mövcud təlimatlara əməl etməyə çağırıb.
Rüfət Hacıyev koronavirus pandemiyası dövründə AZAL tərəfindən sərnişinlərin sağlamlığının qorunması üçün atılan addımları yüksək qiymətləndirdiyini deyib. Analoji tədbirlərin turizm şirkətləri tərəfindən də həyata keçirilməsinin vacib olduğunu bildirib.
Assosiasiya sədri koronavirus pandemiyasına qarşı görülən tədbirlərin davamı olaraq turizm şirkətlərinə ATAA tərəfindən hazırlanan xüsusi metodiki göstərişlərdən danışıb. Gələcək fəaliyyətlərinin hazırlanan xüsusi video-təlimata uyğun olaraq qurulmasını tövsiyə edib.
Rüfət Hacıyev koronavirus pandemiyasının Azərbaycan ərazisində yayılmasının ilk günlərindən Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən turizm şirkətlərinin üzləşdiyi çətinlikləri vurğulayıb. Onların problemlərini daim diqqətdə saxlanıldığını, mütəmadi olaraq Dövlət Turizm Agentliyi və “Azərbaycan Hava Yolları” QSC-nin rəhbər şəxsləri ilə görüşlər keçirildiyindən danışıb. Bir sıra təkliflər hazırlayaraq təqdim edildiyini və onların bir qisminin öz müsbət həllini tapdığını da qeyd edib.
O, ATAA olaraq bundan sonrakı dövrdə də turizm şirkətlərinin sağlam fəaliyyətinə dəstək olunacağını diqqətə çatdırıb.
Rüfət Hacıyev ölkə turizminin inkişafına daim dəstək olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə, eləcə də bu sektorda xüsusi çəkisi olan turizm şirkətlərinə bilet satışında göstərdiyləri dəstəkdən danışıb. Həmçinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyası adından təşəkkür edərək turizm sektorunun qısa zamanda yenidən inkişaf etməsi üçün səylərini artıracaqlarını bildirib.