Yanvarın 14-də “Landmark”da Azərbaycan Turizm Bürosu tərəfindən nəşr edilən “Experience Azerbaijan” jurnalının təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid jurnalın ölkəmizin turizm potensialının dünyada tanıdılması istiqamətində əhəmiyyətdən danışıb: “Yeni layihələr marketinqdə turizm təchizatçılıq işinin ən mühüm hissəsini tutur. Bu il biz Turizm Bürosunun Ukrayna, Qazaxıstan, Cənubi Koreya Respublikası və Yaponiyada yeni nümayəndəliklərini açmağı düşünürük. Həmçinin Azərbaycanı ziyarət edən potensial turistlərlə əməkdaşlığımızı möhkəmləndirməyi planımıza daxil etmişik. Bunun üçün belə müştərilərlə ünsiyyətimizi xarici dillərdə aparacağıq. Çalışacağıq ki, ölkəni ziyarət edən turistlər kommersiya məqsədi güdməyən layihələrə etibar etsinlər. Jurnal tam olaraq yerli məhsuldur və əcnəbi redaktorların köməyi ilə ərsəyə gəlib”.
Jurnalın baş redaktoru Tomas Marsden bildirib ki, Azərbaycana gəldiyi gündən bu ölkəni yenidən özü üçün kəşf edib və insanların zəngin bir mədəniyyətə malik olduğunu anlayıb. Qeyd edib ki, jurnalın məzmunu üç hissədən ibarətdir. İlk olaraq məqsəd regionu turistlərə tanıtmaq üçün azərbaycanlı vətəndaşların dili ilə çıxış etmək, görməli yerləri, bu ölkənin mədəniyyətini, inanılmaz rəngarəngliyini çatdırmaqdan ibarətdir. Jurnal, eyni zamanda bir növ bələdçi kimi çıxış edir. Vurğulayıb ki, istedadlı insanların jurnalın redaksiyası ilə əməkdaşlıq etməsi əhəmiyyətlidir. Dünyada səyahətçilər yeni ölkələr “kəşf etmək” arzusundadır ki, bu jurnalın vasitəsilə onlar məqsədlərinə çata bilərlər.
Jurnalda dərc olunan “The Ultimate Guide to Baku’s Nightlife” məqaləsinin müəllifi Alla Qaraqaşlı deyib ki, jurnal ildə iki dəfə olmaqla mart və sentyabr aylarında çıxacaq. Bildirib ki, jurnal budəfəki nömrəsi 15 min tirajla çap olunub və Azərbaycanın xaricdə yerləşən bütün səfirliklərinə, beynəlxalq sərgi və yarmarkalara, o cümlədən ölkəmizdə fəaliyyət göstərən əksər hotellərə paylanılıb. “Potensial ziyarətçilər hər zaman yeni məkanlara səyahət edərkən hara gedəcəkləri barədə soruşurlar. İndi bu jurnal onlar üçün vahid mənbəyə çevrilib. Burada məqsəd jurnalın dəyərini qoruyub saxlamaqdır”, – deyə A.Qaraqaşlı söyləyib.
Diqqətə çatdırılıb ki, jurnalda Azərbaycanın turizm potensialı, görməli yerləri, turizmin müxtəlif növləri üzrə ixtisaslaşmış məkanları, hər il keçirilən festivallar, turistlərin diqqətini cəlb edən milli bayramlar, adət-ənənələr, milli mətbəx nümunələri və s. barədə ətraflı məlumat təqdim olunub. Jurnalda Çinarə Məcidova, Fuad Axundov, Mark Elliott, Fəridə Buyuran və digər müəlliflərin məqalələri yer alıb.
Qeyd edək ki, jurnalı onlayn formada http://bit.ly/35Qn8qu keçidindən istifadə edərək pulsuz əldə etmək mümkündür.