Gürcüstanın Rustavi şəhərində “Vətəndaş cəmiyyəti inkişaf və əməkdaşlıq üçün: Azərbaycan və Gürcüstanın sərhədyanı bölgələrinin turizm potensialının artırılması” layihəsi çərçivəsində konfrans keçirilib.
Layihə Gürcüstanın KODA İcma Təhsil Mərkəzi tərəfindən Avropa Birliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Layihənin əsas məqsədi Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli bölgələri üzrə beynəlxalq turizm marşrutlarının yaradılması və sərhədyanı bögələrin turizm potensialının təbliğ olunmasıdır.
Layihə çərçivəsində təlimlər və hər iki tərəfin turizm potensialının öyrənilməsi və əlaqələrin genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlər həyata keçirilib. Nəticədə Kvemo Kartli və Gəncə-Qazax bölgələri üzrə 2 turizm marşrutu daxil olmaqla, ümumilikdə, 5 marşrut yaradılıb.
Konfransda Kvemo Kartli bölgəsinin qubernator müavinləri – Kaxa Koberidze və Zaur Darğallı, donor təşkilatların nümayəndələri, ekspertlər və iş adamları iştirak ediblər.
K.Koberidze layihənin əhəmiyyətini vurğulayaraq Kvemo Kartli bölgəsinin zəngin turizm potensialı barədə danışıb. O bildirib ki, Azərbaycanla həmsərhəd bölgələrlə birgə əməkdaşlıq sayəsində bölgədə turizm sahəsinin daha da inkişaf etdirilməsinə nail olmaq mümkündür.